DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək

DIM taksi suruculeri ucun novbeti imtahan kecirecek

Fevralın 27-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə növbəti imtahan təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) Zeferinfo.az-a bildirilib ki, imtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə Mərkəzin saytında “Şəxsi kabinet” yaratmalı (kabineti olmayanlar) və müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:

1. Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat fevralın 16-sı saat 18:00-dək davam edəcək.

2. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat 16 fevral saat 18:00-dək aparılacaq.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), DİM-in Bərdə Regional Bölməsində (Bərdə ş.,H.Əliyev prospekti, 100) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin imtahanı isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.

İmtahanların davametmə müddəti 1 saatdır. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcək.