Dərəkənd kəndində yeni xeyir-şər evi istifadəyə verildi -FOTOLAR

Derekend kendinde yeni xeyir-ser evi istifadeye verildi -FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Şərur rayonuna daxil olan Dərəkənd kəndində mühüm sosial əhəmiyyət daşıyan bir layihənin – yeni xeyir-şər evinin açılışı baş tutub. Kənd sakinlərinin uzun illərdir ehtiyac duyduğu bu məkan artıq istifadəyə verilib və kənd ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.

Yeni inşa edilən xeyir-şər evi kənddə keçirilən müxtəlif mərasimlərin – toy, yas və digər tədbirlərin daha səliqəli və mütəşəkkil formada təşkili üçün nəzərdə tutulub.

Tikinti işləri kəndin tanınmış və nüfuzlu şəxslərindən biri, 1-ci Qarabağ müharibəsi iştirakçısı, kikboksinq üzrə 3 qat dünya çempionu, Əməkdar idman ustası Şahin Mahmudovun şəxsi təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilib. O, bu təşəbbüsü ilə həm kəndə olan bağlılığını, həm də ictimai həmrəyliyə verdiyi önəmi bir daha nümayiş etdirib.

Açılış mərasimində əvvəlcə şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbərliyi, Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqallar, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bu kimi təşəbbüslərin cəmiyyətin mənəvi birliyini gücləndirdiyini vurğulayaraq, layihənin reallaşmasında əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Qeyd olunub ki, bu cür obyektlər kənd həyatına yeni dinamika qazandırmaqla yanaşı, ənənəvi dəyərlərin qorunmasına da mühüm töhfə verir.

Tədbirin sonunda iştirakçılar xeyir-şər evinə baxış keçirərək, binanın şəraiti və imkanları ilə tanış olublar. Geniş və işıqlı zal, mətbəx, sanitar qovşaqlar və digər texniki avadanlıqlarla təchiz olunmuş bina kəndin sosial infrastrukturunun inkişafında mühüm rol oynayacaq. Bu layihə bir daha sübut edir ki, Vətənə və cəmiyyətə bağlılıq yalnız sözlə deyil, əməli fəaliyyətlə göstərilir.

Şahin Mahmudovun təşəbbüsü həm gənclərə örnək olacaq, həm də kəndin sosial rifahına dəyərli töhfə kimi yadda qalacaq.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8 image-9