DARVAZALAR
Günəş kəndi qucaqlayan dağların arxasından yavaş-yavaş boylanırdı. Şüaları ətrafa yayıldıqca gecədən yanan darvazaların işıqları parlaqlığını itirir, sanki gündüzün qarşısında boyun əyirdi.
Amma bu kənddə qəribə bir sirr vardı. Elə evlər var idi ki, nə günəşin işığı, nə də gecə yandırılan darvazaların lampaları o evlərin içindəki qaranlığı uda bilirdi. Yalnız közərmiş bir ümid işığı titrəyir və o evlərə az da olsa istilik, işıq və həyat verirdi.
Və həmin evlər gecə düşəndə digərləri kimi qapı-darvazalarını bağlamırdı. Sanki gözlədikləri birisi vardı. “Birdən darvazanın qabağından geri qayıdar” nigarançılığı ilə qapılar açıq saxlanılırdı. Nə oğrudan, nə də yad kəsdən qorxurdular.
O evlərdəki kədər o qədər ağır idi ki, danışılan xatirələr, çəkilən ağrılar və pıçıltı ilə deyilən, bəzən hayqırışa çevrilən dualar evin divarlarına hopmuşdu. Sonuncu dəfə əynindən çıxardığı köynəyə baxaraq edilən dualara görə pəncərələrə sərçələr də qonmazdı. Qonanlar isə bu dərdin şahidi olub ağlayar, oradaca can verərdilər.
Kənddəki evlərin darvazaları eyni deyildi: biri çox böyük, biri orta, biri isə xırda idi.
Darvazası çox böyük olan evdə Elmira ana yaşayırdı. Hər səhər evin qabağını və darvazanın çölünü süpürər, payızda tökülən yarpaqları yığar, yaz yağışında palçığa dönən yerləri təmizləyərdi. Qışda qar yağıb betonu donduranda belə əl çəkməz, yayda isə günəşin qızmar istisində oraları sərinlətmək üçün sulayardı. Sanki gələn adam fəsillərə baxmadan qayıda bilərdi.
Orta böyüklükdəki darvazaya malik evdə bir otaq var idi: bəy və gəlin otağı. Çarpayısında oturub toy şəkillərinə sığal çəkən bir gəlin, gecələri həmin şəkillərlə yatar, gündüzləri isə “bir gün gerçəkləşəcək” xəyalına sarılaraq oyanardı. Hətta toy günü gətirilən güzgüyə baxıb təsəlli tapardı. Düşünərdi ki, güzgüsü qırılan gəlinin həyatı uğurlu olmaz. Bu inanca bağlı olaraq, gələcəyinə dair ümidlərini diri saxlayırdı.
Xırda darvazalı evin qabağında isə həmişə böyük ağac odunu olurdu. Üstündə oturan uşaq, həmyaşıdlarının atalarının yanına qaçmasını görüb köks ötürərdi. Amma digər uşaqlardan fərqli olaraq, içində təsəlli və qürur duyacağı bir şey vardı: atası yanında olmasa da, ətrafı addım-addım onun qəhrəmanlığını xatırlayan insanlarla dolu idi.
Darvazalar isə artıq kilidlənəcəkləri günün önəmini anlayırdılar. Hətta kimsə içəri girəndə əliylə örtsə belə, qapı bir az aralı dayanardı ki, səhər çağı evdə birinin olduğu bilinmiş olsun.
Kənddə fərqli ölçülü darvazalardan ibarət evlər olsa da, içindəki kədərin adı da , ölçüsü də eyni idi – itki.
Bu kənddə ana olub da nənə ola bilməyən, gəlin olub da ana ola bilməyən, ata olub da atasını heç vaxt görməyən nə qədər insan yaşayırdı…
Amma ümid işığı hələ də darvazalardan süzülərək o evlərə yayılırdı…
MÜƏLLİF: Nuray Rəşid