COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumları - Mətbuat Şurası və BDU birgə dəyirmi masa keçirib

COP29 erefesinde Azerbaycana qarsi informasiya hucumlari - Metbuat Surasi ve BDU birge deyirmi masa kecirib

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin bir halqası kimi mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Xüsusilə də COP29 ərəfəsində Azərbaycana qarşı aparılan informasiya müharibəsinin daha çox şahidi oluruq. Yanlış xəbərlərin vaxtında yalanlanması, ifşası ümumi prosesə müsbət təsir göstərir, bunun qarşısının alınması baxımından medianın üzərinə mühüm məsuliyyət düşür".

BDU rektoru Elçin Babayev isə qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ölkəmizə dünya dövlətlərinin, beynəlxalq təşkilatlarının etimadının bariz nümunəsidir. Bu gün Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib. Lakin Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, beynəlxalq arenada nüfuzunun gündən-günə artması, qlobal təşəbbüslərin əsas iştirakçılarından birinə çevrilməsi, bədxah qonşularımız da daxil olmaqla, bir sıra xarici qüvvələri qıcıqlandırır: “Bəzi dövlətlər və beynəlxalq təşkilatlar bizim bu uğurları, xüsusilə də 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfəri, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. BMT-nin məlum 4 qətnaməsini beynəlxalq təşkilatların deyil, Azərbaycanın özünün təkbaşına icra etməsi bədnam qonşularımızın hamilərini narahat edir. Bunun nəticəsidir ki, beynəlxalq hüquq prizmasından heç bir təsir edə bilməyən bu dairələr ölkəmizə qarşı informasiya hücumlarına başlayır, dezinformasiyalar dövriyyəyə buraxır. Xüsusilə COP29 ərəfəsində aktivləşən müxtəlif siyasi dairələrdən edilən bu hücumlar, təhdidlər, çirkin kampaniyalar bizi qarşımızda duran hədəflərdən yayındırmaq, ölkəmizin artan nüfuzuna kölgə salmaq məqsədi daşıyır. Azərbaycanla bağlı qərəzli və həqiqətə uyğun olmayan məlumatların məqsədyönlü şəkildə yayılması ölkəmizə qarşı hibrid təhdidlərin təşkilini hədəf götürüb. İqlim dəyişmələri, ətraf mühitin mühafizəsi, ekoloji problemlər, hava çirklənməsi ilə bağlı olan bu beynəlxalq tədbiri bütün vasitələrlə siyasiləşdirməyə çalışırlar. Ölkəmizə qarşı hibrid təhdidlərlə, o cümlədən dezinformasiya xarakterli məlumatların yayılması, kiberhücumlar, sosial şəbəkələrdə qarayaxma kampaniyaları ilə mübarizə aparmağımız təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Bütün bu hücumların, təhdidlərin qarşısının alınması istiqamətində əməli addımların atılması vacib edir. BDU ilə Mətbuat Şurasının birgə təşkil etdiyi bugünkü dəyirmi masa son günlər xüsusilə intensivləşən informasiya hücumlarının qarşısının alınması, zərərsizləşdirilməsi baxımından vacib bir tədbirdir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə ölkə mediasının COP29 ərəfəsində Azərbaycana qarşı təşkil edilən informasiya hücumlarına Vətən müharibəsində olduğu kimi, vahid platforma ətrafında birləşərək cavab verməli olduğunu diqqətə çatdırıb.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli deyib ki, ölkəmizə qarşı informasiya müharibəsi daim baş verir, buna görə də həm cəmiyyət, həm də mətbuat ayıq-sayıq olmalıdır: “Ölkəmizin ev sahibliyi etdiyi bütün vacib tədbirlər ərəfəsində Azərbaycana qarşı oxşar kampaniyalar olur. 2024-cü il başlayandan bu hücumlar daha da intensivləşib. Ölkəmiz həm sosial şəbəkələr üzərindən dezinformasiya hücumlarının, həm də Qərb ölkələrinin "peşəkarlıqla" hazırladıqları informasiya manipulyasiyalarının hədəfindədir. Bütün bunların qarşısını almaq üçün ölkə mediasının iqtisadi müstəqilliyini gücləndirmək lazımdır. Azərbaycanın haqq səsini yalnız ölkəmizin güclü mediası dünyaya çatdıra bilər”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı isə informasiya manipulyasiyalarına məruz qalan insanlarla iş aparmağın zəruri olduğunu bildirib. O, media savadlılığı ilə bağlı orta məktəblərdə xüsusi dərslərin keçilməsinin, hələ gənc yaşlardan sosial mediada, internetdə düzgün mənbələrlə işləmək qaydalarının öyrədilməsinin vacib olduğunu deyib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, BDU-nun Jurnalistika fakültəsinin dekanı, Şura sədrinin müavini Vüqar Əliyev, Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli çıxışlarında qeyd ediblər ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi uğurdan, bu bölgədəki planların üzərindən xətt çəkilməsindən narahat olan qüvvələr COP29 tədbirinin Azərbaycanda keçirilməsindən narahatlıq keçirirlər. Diqqətin Azərbaycana yönəldiyi belə həssas dövrdə ölkəmizi ləkələməyə, beynəlxalq ictimaiyyətdə mənfi imic formalaşdırmağa çalışırlar. Bunun qarşısını almaq üçün cəmiyyətin və medianın dezinformasiyalara qarşı daha diqqətli olmaları və mübarizə aparmaları lazımdır.

Dəyirmi masanın sonunda tədbir iştirakçılarının adından xarici ölkələrə, müxtəlif beynəlxalq qurumlara birgə bəyanatın göndərilməsi barədə qərar qəbul olunub.