COP29-da aparılan müzakirələr iqlim problemlərinin həllinə töhfə verəcək
Azərbaycanda COP29-un keçirilməsi çox mühüm hadisədir. Burada aparılan müzakirələr iqlim problemlərinin həllində həm dünyaya, həm də Azərbaycana töhfələr verəcək.
Bu fikri açıqlamasında İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev deyib.
R.Əliyev bildirib ki, dövlətimizin başçısı tədbirin açılış mərasimində çıxışı zamanı bütün dünyaya səsləndi və mühüm mesajlar verdi.
Təşkilat rəhbəri vurğulayıb ki, tədbirdə 72 min insanın, o cümlədən 80 dövlət və hökumət başçısının iştirak etməsi ciddi məsələdir: “Bəllidir ki, dünyada iqlim problemlərinin çox ciddi fəsadları müşahidə olunur. Qlobal istiləşmə, quraqlıq kənd təsərrüfatına ciddi zərər verir, bu da nəticədə ərzaq qıtlığına yol açır. Eyni zamanda, dağıdıcı təbii fəlakətlər daha çox müşahidə olunur. Əlbəttə, bu problemlər qlobal xarakter daşıyır”.
R.Əliyev əlavə edib ki, Azərbaycan bəşəri problemlərə həmişə diqqətlə yanaşıb, sülh və ədalətin bərqərar olmasına öz töhfələrini verib: “Təsadüfi deyil ki, Azərbaycan müxtəlif qlobal tədbirlərə ev sahibliyi edib. Bu, Azərbaycanın xoşməramlı missiyasının göstəricisi olmaqla yanaşı, eyni zamanda, Azərbaycana olan etimadın təzahürüdür. Əlbəttə, Azərbaycan artıq dünyada nüfuzlu dövlətdir və ölkənin bu səviyyəyə yüksəlməsində onun liderinin müstəsna xidmətləri var. Əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, daha ciddi önəm daşıyan COP29 tədbiri ilə bağlı dünyanın diqqəti Azərbaycandadır. Bu isə Azərbaycanın nüfuzunun daha da artmasına, eyni zamanda, dünyanı təhdid edən iqlim problemlərinin həlli yollarında müsbət nəticələrə səbəb olacaq”.