Citomed Xroniki xəstəliklər mərkəzi ilə tanışlıq səfəri həyata keçirildi
24 yanvar 2026-cı il tarixində Azərbaycan tibbi turizm üzrə ekspertlər və peşəkar turizm şirkətlərinin nümayəndələri ölkənin aparıcı özəl tibb müəssisələrindən biri olan Citomed Klinikasına tanışlıq səfəri həyata keçiriblər.
Görüş ölkənin tibbi turizm və səhiyyə üzrə eksperti, səhiyyə idarəçisi Elnarə Musəvinin və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə, Citomed Klinikasının təsisçisi və direktoru Elnurə Quliyevanın rəsmi dəvəti əsasında təşkil olunub.
Tanışlıq səfəri çərçivəsində iştirakçılara klinikanın müasir tibbi infrastrukturu, əsas fəaliyyət istiqamətləri və beynəlxalq standartlara uyğun xidmət modeli ətraflı şəkildə təqdim edilib. Təqdimat zamanı Citomed Klinikasının xroniki xəstəliklərin diaqnostika və müalicəsi üzrə ixtisaslaşmış tibbi mərkəz kimi fəaliyyət göstərdiyi xüsusi vurğulanıb.
Bildirilib ki, klinika müasir tibbi avadanlıqlarla, o cümlədən barokamera (hiperbarik oksigen terapiyası) ilə təchiz olunub. Bununla yanaşı, yalnız Citomed Klinikasına məxsus olan CİTO Test — təxminən 200-ə yaxın qida həssaslığı analizini əhatə edən xüsusi diaqnostik test, IV terapiya proqramları, eləcə də Miqren Mərkəzinin fəaliyyəti klinikanın əsas fərqləndirici tibbi üstünlükləri sırasında qeyd edilib.
Təqdimatda klinikanın ixtisaslı həkim heyəti, fərdi yanaşmaya əsaslanan müalicə protokolları, sağlam və uzunömürlülüyün təmin olunmasına yönümlü preventiv və reabilitasiya xidmət prinsipləri iştirakçıların diqqətinə çatdırılıb. Citomed Klinikasının yerli və xarici pasiyentlər üçün təqdim etdiyi geniş diaqnostika və müalicə imkanları iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb.
Görüş qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib. Tərəflər tibbi turizmin inkişafı, beynəlxalq pasiyent axınının artırılması və Azərbaycan səhiyyəsinin regional və beynəlxalq platformalarda tanıdılması istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Sonda qeyd olunub ki, bu cür tanışlıq və əməkdaşlıq görüşləri ölkədə tibbi turizmin güclənməsinə, ixtisaslaşmış tibb müəssisələrinin beynəlxalq bazara inteqrasiyasına və Azərbaycan səhiyyə sektorunun beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.