Ceyhun Bayramovun iranlı həmkarı ilə müzakirə etdiyi məsələlər açıqlandı

Ceyhun Bayramovun iranli hemkari ile muzakire etdiyi meseleler aciqlandi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Abbas Əraqçi arasında təkbətək görüş başa çatıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşılıb.

Qeyd olunub ki, daha sonra tərəflər arasında geniş tərkibli görüş də keçirilib.

Görüşdə Azərbaycan və İran arasında yaxşı qonşuluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq gündəliyi və perspektivləri müzakirə olunub.

Nazirlər siyasi məsləhətləşmələrdən tutmuş Birgə Dövlət Komissiyasına qədər mövcud olan institutlaşmış mexanizmlərin, eləcə də geniş müqavilə-hüquq bazasının iki ölkə arasında sabit və gələcəyə yönəlik münasibətlər üçün möhkəm əsas yaratdığını vurğulayıblar. Tərəflər bunun daha da gücləndirilməsinə sadiq olduqlarını bildiriblər.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi yolları, xüsusilə nəqliyyat-logistika sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu çərçivədə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, eləcə də Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə layihələri müzakirə olunub.

Humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunularaq Bakı–Tehran və Bakı–Təbriz arasında aviareyslərin sayının artırılması, təhsil, mədəniyyət və turizm istiqamətlərində əməkdaşlığın genişlənməsi qeyd edilib.

Tərəflər BMT, Qoşulmama Hərəkatı və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Azərbaycan–Ermənistan normallaşma prosesi və ölkəmizin azad edilmiş ərazilərində post-münaqişə bərpa işləri ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Back To Top