Ceyhun Bayramov və Şalva Papuaşvili Azərbaycan-Gürcüstan tərəfdaşlığını müzakirə ediblər

Zeferinfo.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Ş.Papuaşvili bildirib ki, Azərbaycan-Gürcüstan əlaqələri zamanın və mürəkkəb qlobal proseslərin sınağından uğurla keçib:
"Bu münasibətlər dünya üçün çətin olan dövrlərdə də sınaqdan keçir və davamlılığını sübut edir. Hesab edirəm ki, bu cür çağırışlı zamanlarda Gürcüstan və Azərbaycan kimi tərəfdaş ölkələrin münasibətləri xüsusi əhəmiyyət daşıyır".
Ceyhun Bayramov isə öz çıxışında qeyd edib ki, ikitərəfli əlaqələrin bu səviyyəyə çatması uzunmüddətli əməkdaşlığın, dostluğun və etimadın nəticəsidir.
Görüş zamanı tərəflər regional və beynəlxalq gündəmdə olan aktual məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, C.Bayramovun səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze ilə də görüşləri planlaşdırılıb.