Ceyhun Bayramov: Azərbaycanla Ermənistan ən dinc və sabit dövrü yaşayır
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxış edib.
XİN-dən Zeferinfo.az-a verilən xəbərə görə, nazir ilk növbədə, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenə il ərzində təşkilata sədrliyi həyata keçirdiyinə görə minnətdarlığımı bildirib və isveçrəli nazir İqnasio Kassisə gələn il uğurlu sədrlik arzu edib.
Eyni zamanda, Avstriya tərəfinə Vyanada bugünkü iclasımıza ev sahibliyinə görə təşəkkür edib.
"Nazirlər Şurasının iclası yenidən ATƏT məkanında davam edən təhlükəsizlik böhranı fonunda keçirilir. Helsinki Yekun Aktının imzalanmasının 50-ci ildönümü təntənə ilə qeyd edilməli olsa da, təəssüf ki, bu mümkün deyil. Bu, əslində daha çox keçmiş səhvlərdən dərs çıxarmaq və Yekun Aktın mətninə və mahiyyətinə yenidən sadiqliyimizi təsdiqləmək üçün kollektiv iradəmizi səfərbər etməyə dərin ehtiyacın olduğuna dair bir xatırlatmadır.
Bu baxımdan, xüsusən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət kimi Yekun Aktda təsbit edilmiş prinsiplərin davamlı aktuallığını vurğulayırıq.
Bizim ağrılı təcrübəmiz göstərir ki, bu prinsiplər hamıya bərabər, ardıcıl, ayrı-seçkilik və ikili standartlar olmadan tətbiq edilməlidir", - nazir qeyd.
Onun sözlərinə görə, ötən ilin dekabr ayından etibarən Azərbaycan və Ermənistan arasında post-münaqişə dövründə normallaşma prosesində əhəmiyyətli tərəqqi əldə edilib və cari ilin 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton Sülh Sammiti ilə ən yüksək səviyyəyə çatıb: "Sözügedən sammit nəticəsində şahid qismində ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmaqla Azərbaycan və Ermənistan ölkə başçıları arasında Birgə Bəyannamə qəbul edilib. Tərəflər münaqişənin artıq keçmişdə qaldığını, ona heç bir şəkildə geri dönməyəcəklərini, mövcud reallığa əsaslanaraq, mehriban qonşuluq münasibətləri qurmağa başlayacaqlarını təsdiqləyiblər.
Sammit çərçivəsində mən və erməni həmkarım cari ilin mart ayında yekunlaşan ikitərəfli danışıqların davamı olaraq, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini parafladıq.
Bundan əlavə, erməni həmkarımla birlikdə, 2020-ci ildə münaqişənin həllindən sonra həmin mexanizmlərə artıq ehtiyac qalmadığına dair qarşılıqlı anlayışın göstəricisi qismində, ölkələrimiz arasında münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciəti imzaladıq. Nazirlər Şurasının müvafiq qərarının operativ qəbuluna görə Finlandiya sədrliyinə, ATƏT Baş katibinə, ATƏT Katibliyinə və iştirakçı dövlətlərə təşəkkür edirəm.
Nəticə etibarilə, regionda sülh de-fakto bərqərar olub. Bu gün qeyri-sabit ATƏT regionundan fərqli olaraq, Azərbaycan və Ermənistan ən dinc və sabit dövrü yaşayır. Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlif ölçülər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətində irəliləyir.
Sülh prosesinə əlavə təkan vermək məqsədilə, Azərbaycan xoşməramlı jest olaraq, Ermənistana münasibətdə məhsulların tranzit məhdudiyyətini birtərəfli qaydada aradan qaldırıb.
Azərbaycan tərəfindən uzun illər ərzində təşviq edildiyi kimi, bu nailiyyətlər aydın şəkildə nümayiş etdirir ki, birbaşa ikitərəfli danışıqlar irəliyə aparan ən yaxşı yoldur.
Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir. Biz bu çərçivədə, normallaşma prosesinin yekunlaşdırılması naminə xoş niyyətin və bütün öhdəliklərin zamanında icrasının həlledici əhəmiyyətini vurğulayırıq".
Nazir diqqətə çatdırıb ki, Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq: "Bununla yanaşı, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun zamanında həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu multimodal bağlantılar marşrutu dəmir yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə etməli və Ermənistan üçün qarşılıqlı bağlantı faydaları ilə birlikdə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir. Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılmasının əhəmiyyəti təkcə Ermənistan və Azərbaycan arasında sülhün dayanıqlı olmasına təsir göstərmir, daha geniş miqyasda böyük faydalar gətirir".
Ceyhun Bayramov əlavə edib ki, Qoşulmama Hərəkatı, COP-29, Türk Dövlətləri Təşkilatı, AQEM və digər platformalarda fəal və nəticəyönümlü sədrlikləri ilə əməli təsdiqini tapdığı kimi, Azərbaycan həqiqi körpü yaradan və konsensusa əsaslanan yanaşmaların sadiq təbliğatçısı olaraq effektiv çoxtərəfliliyin etibarlı tərəfdarıdır: "Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə bu yaxınlarda tam hüquqlu üzvlüyümüz çoxtərəfliliyə töhfə vermək imkanlarımızı daha da gücləndirəcək.
Azərbaycan özünün prinsipial və praqmatik xarici siyasətinə əsaslanaraq ATƏT çərçivəsində də konstruktiv əməkdaşlığa sadiqdir.
Bütün çatışmazlıqlara baxmayaraq, biz hərtərəfli təhlükəsizlik konsepsiyası və əhatəli üzvlük xüsusiyyətlərinə görə ATƏT-in roluna inanmaqda davam edirik. Bununla belə, aktual qalmaq üçün təşkilat adaptasiya etməyi bacarmalı və nəzərə çarpacaq nəticələr əldə etməlidir.
Yalnız birgə həll yolları nəticə verə bilər. Konsensus prinsipi həmişə bizim kollektiv səylərimizin əsas xüsusiyyəti və qərarların qəbulu prosesinin təməli olaraq qalmalıdır.
Bu anlayışla ATƏT-in funksionallığı və səmərəliliyi ilə bağlı çağırışların aradan qaldırılması naminə bütün ATƏT üzv dövlətləri ilə konstruktiv əməkdaşlığa hazırıq".