Ceyhun Bayramov: 500 milyondan çox insan münaqişə və ya münaqişəyə meyilli ərazilərdə yaşayır
"COP29 dünyada gedən münaqişələri nəzərə alaraq, qərara aldı ki, sülh və iqlim dəyişikliyi problemini qaldırsın”.
Zeferinfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov COP29 çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kim arxada qoymamaq naminə birgə fəaliyyət”adlı Yüksək səviyyəli Paneldə deyib.
Nazir bildirib ki, iqlim dəyişikliyi qida təhlükəsizliyi ilə bağlı problemi gücləndirir, su qıtlığını sürətləndirir və torpağın deqradasiyasına, eyni zamanda insanların yerdəyişməsinə səbəb olur:
“Bu hadisələr qeyri-sabitliyin dərinləşməsinə səbəb olan münaqişələr və bütün dünyada etibarsızlıq dövrləri üçün katalizator rolunu oynayır. Əksinə, münaqişələr və onların nəticələrinin infrastruktura, torpağın deqradasiyasına və biomüxtəlifliyə dağıdıcı təsirləri iqlim böhranını daha da artıracaq və sülhə, dayanıqlığa və inkişafa xələl gətirən dövr yaradacaq”.
Nazir əlavə edib ki, 2021-ci ilə qədər 355 milyon ev təsərrüfatı, təxminən 1,3 milyard insan iqlim təhlükələrinə məruz qalıb:
“Bunların 40%-i, 142 milyon ev təsərrüfatı və ya 500 milyondan çox insan münaqişə və ya münaqişəyə meyilli ərazilərdədir. Ən həssas təbəqənin artan səsinə cavab olaraq, COP29 sədrliyi son bir neçə ay ərzində iqlim və sülh əlaqəsi üzrə birgə fəaliyyəti gücləndirmək üçün beynəlxalq səylərə rəhbərlik edir”.