Cənubi Sudanda təhlükəsizlik missiyasında xidmət edən Azərbaycan zabiti təltif edilib

Zeferinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunan missiyada xidməti vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiyinə görə mayor Qaragözov Mehman Həmdiyə oğlu UNMISS-in Təhlükəsizlik Qüvvələrinin komandanı general-leytenant Mohan Subramanian tərəfindən medal və fəxri fərmanla təltif edilib.
Uzunmüddətli patrul üzvlərinin münaqişə zonasından şəxsi təhlükəsizliyini nəzərə almadan, böyük cəsarət və şücaət nümayiş etdirərək uğurla çıxarılmasını təmin etdiyinə, bununla da nümunəvi sədaqət göstərdiyinə görə mayor M.Qaragözova sertifikat təqdim olunub.
Qeyd edək ki, 2018-ci il noyabrın 30-da Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.