Azərbaycan və Gürcüstan arasındakı münasibətlər son illərdə bütün sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və regional təhlükəsizlik sahələrində güclənib. Hər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq, qarşılıqlı maraqların qorunmasına və inkişafına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana (1 dövlət, 1 rəsmi, 9 işgüzar) səfər etmişdir. Son rəsmi səfər 05-06 noyabr 2015-ci ildə, işgüzar səfər 08 oktyabr 2023-cü ildə həyata keçmişdir. Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili ölkəmizə 2 (1 rəsmi, 1 işgüzar) səfər etmişdir. Rəsmi səfər 27-28 fevral 2019-cu ildə, işgüzar səfər (IX Qlobal Bakı Forumunda iştirak) isə 16 iyun 2022-ci ildə baş tutmuşdur. Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili isə ilk sərini 16 aprel 2025-ci ildə Azərbaycana rəsmi səfər edib. Bu, onun prezident seçilməsindən sonra ilk xarici səfəri olub. Səfər çərçivəsində Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və enerji layihələri müzakirə edilib. Həmçinin, Baku-Tbilisi-Ceyhan neft kəməri və digər regional layihələr barədə fikir mübadiləsi aparılıb. Kavelaşvili qiymətləndirərək, Azərbaycanın inkişafını yüksək qiymətləndirib və bu inkişafın Heydər Əliyevin strateji vizyonunun nəticəsi olduğunu vurğulayıb. Bu səfər, Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığını daha da gücləndirmək və regional əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda deyib ki, Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir: “Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır”. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, nəqliyyat və kommunikasiya layihələri hər iki ölkənin iqtisadiyyatı və regional təsiri baxımından böyük əhəmiyyət daşıyır. 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Azərbaycanın Xəzər dənizindən çıxarılan nefti Gürcüstan vasitəsilə Türkiyəyə, oradan isə dünya bazarlarına çıxarmaq üçün mühüm bir infrastruktur layihəsidir. Bu kəmər Cənubi Qafqazın enerji təhlükəsizliyini gücləndirir və Azərbaycanın qlobal enerji bazarına çıxışını təmin edir. Bakı-Tbilisi-Erzurum (BTE) qaz kəməri də Azərbaycanın təbii qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxarmaq üçün çox önəmli bir infrastruktur layihəsidir. Bu kəmər, həmçinin Şahdəniz yatağından çıxarılan qazı Avropaya çatdırmaq üçün mühim bir vasitədir. Beləliklə, bu layihə Cənubi Qafqazın enerji xəritəsini yenidən tərtib edir. TANAP layihəsi, Azərbaycan qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya aparmaq məqsədi güdür. Bu, Cənub Qaz Dəhlizinin bir hissəsi olaraq, enerji təhlükəsizliyi baxımından əhəmiyyətli bir addımdır. TANAP, Avropanın enerji tədarükündə diversifikasiyanı təmin edir və enerji mənbələrinə yeni alternativlər təqdim edir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Azərbaycan və Gürcüstanın nəqliyyat sahəsində əməkdaşlığını genişləndirir. Bu dəmir yolu xətti Avropa və Asiya arasında quru yolu ilə sürətli və sərfəli nəqliyyat təmin edir. Bu layihə Avrasiyanın nəqliyyat xəritəsini dəyişdirərək, regionun ticarət imkanlarını genişləndirir. Trans-Xəzər Nəqliyyat Dəhlizi isə Çin, Mərkəzi Asiya və Avropa arasında yeni bir ticarət marşrutu təmin edir. Azərbaycan və Gürcüstanın iştirak etdiyi bu layihə, Cənubi Qafqazın Avrasiyanın ticarət və nəqliyyat mərkəzinə çevrilməsini təmin edir. Həmçinin, bu layihə, Azərbaycanın və Gürcüstanın iqtisadi əlaqələrini daha da gücləndirir. Azərbaycan və Gürcüstanın müasir nəqliyyat infrastrukturlarını inkişaf etdirməsi, xüsusilə Bakı Limanı və Poti Limanı arasında əlaqələri möhkəmləndirir. Bu limanlar, Şərq və Qərb arasında mal daşımasını sürətləndirir və Avrasiya ticarətinin inkişafına böyük töhfə verir. Bu layihələr yalnız regional əməkdaşlığı gücləndirməkdə deyil, həm də Avrasiyanın geniş bir ticarət və enerji mərkəzinə çevrilməsi məqsədini güdür. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi bu strateji layihələr, həmçinin qlobal enerji təhlükəsizliyi və nəqliyyat şəbəkələrinin diversifikasiyası baxımından çox böyük əhəmiyyət kəsb edir.
İki ölkə arasında ticarət dövriyyəsi artmış və bir-birinə investisiya qoyuluşları güclənmişdir. Azərbaycanın Gürcüstanda investisiya qoyuluşları, eyni zamanda Gürcüstanın Azərbaycandakı turizm və tikinti sahələrindəki rolu daha da böyüməkdədir. Azərbaycan və Gürcüstan, bölgədəki təhlükəsizlik məsələləri ilə bağlı yaxından əməkdaşlıq edirlər. Bu əməkdaşlıq, hər iki ölkənin, xüsusilə də Cənubi Qafqazın sabitliyini təmin etmək və təhlükəsizliyini artırmaq məqsədini güdür. Həmçinin, mədəniyyət və turizm sahələrində də qarşılıqlı əlaqələr artmaqdadır. Hər iki ölkənin xalqları arasında çoxsaylı mədəniyyət tədbirləri və festivallar təşkil olunur, eyni zamanda turist mübadiləsi inkişaf edir. Azərbaycan və Gürcüstanın əlaqələrinin gələcəkdə daha da güclənməsi, bu iki ölkənin inkişafı üçün vacib olacaq.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent