Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin direktoru Azərbaycana səfər edəcək
Zeferinfo.az xəbər verir ki, söhbət əsnasında beynəlxalq qurumun Azərbaycanda minatəmizləmə sahəsində uzun müddətli və etibarlı tərəfdaş olduğu vurğulanıb.
Elçin Əmirbəyov mina və partlamamış sursat probleminin miqyası və onun aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən son zamanlar həyata keçirilən fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat verib. Elçin Əmirbəyov Azərbaycanın Cenevrədəki mərkəzlə uğurla həyata keçirilən əməkdaşlığın daha da genişləndirilməsinə açıq olduğunu qeyd edib.
Tərəflər 2025-ci il 7 iyul tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və GICHD arasında imzalanmış “Azərbaycan Respublikasında Humanitar Minatəmizləmə Fəaliyyətinə Dəstəyin Təmin Edilməsinə dair” Anlaşma Memorandumunun gələcək əməkdaşlıq üçün əhəmiyyəti və mümkün icra mexanizmlərinin, o cümlədən ANAMA-nın Göygöl Təlim Mərkəzində GICHD ilə birgə təlimlərin keçirilməsi imkanlarını və digər praktiki əməkdaşlıq imkanları müzakirə ediblər.
Tobias Privitelli Azərbaycandakı minalanma problemini həll etmək üçün Azərbaycan tərəfinin göstərdiyi ciddi və məqsədyönlü səyləri yüksək qiymətləndirib. Tobias Privitelli rəhbərlik etdiyi mərkəzin Azərbaycan Minatəmizləmə Agentliyi ilə praktiki əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirib. O, bu kontekstdə gələn həftə Azərbaycana planlaşdırılmış səfərinin əhəmiyyətini vurğulayıb. Tobias Privitelli səfər zamanı azərbaycanlı həmkarları ilə qarşılıqlı əməkdaşlığın konkret istiqamətlərini müzakirə etməyi planlaşdırdığını da qeyd edib.
Elçin Əmirbəyov Tobias Privitellinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Elçin Əmirbəyov səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə minalarla çirklənmə və həyata keçirilən minatəmizləmə əməliyyatları ilə yerində tanış olmaq məqsədilə həmin ərazilərə baş çəkməsini Tobias Privitelliyə tövsiyə edib.