Ölkəmizin hazırkı dövrün çağırışlarından olan türk dünyasının birliyinə, həmrəyliyinə verdiyi töhfələri nəzərə alsaq Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də bu ölkəyə işgüzar səfərinin əhəmiyyəti daha aydın olur. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının hər il qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsə uyğun olaraq ötən ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşu keçirildi.
Zirvə görüşünün yekununda isə Prezident İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, bu gün türk dünyasının birliyini bir daha təsdiqlədik. Birgə həyata keçirdiyimiz layihələrin icrasına yeni təkan verdik. Tarixən dünya sivilizasiyasına böyük töhfələr vermiş türk sivilizasiyasının tədqiq və təşviq edilməsi, Türk Dövlətləri Təşkilatının digər beynəlxalq təsisatlarla əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini bir daha qeyd etdik: «Əminəm ki, bugünkü müzakirələr, qəbul etdiyimiz qərarlar Türk Dövlətləri Təşkilatının gücləndirilməsi işinə öz töhfəsini verəcəkdir.»
Ümumilikdə türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Hazırda Türk Dövlətləri Təşkilatına daxil olan müstəqil türk dövlətləri 155 milyon əhaliyə sahib olmaqla 4,5 milyon kvadratmetr coğrafi ərazini əhatə edir 1,5 trilyon dollara yaxın nominal ÜDM-ə sahib olmaqla dünyada 13-cü yerdə qərarlaşır. Alıcılıq qabiliyyəti pariteti üzrə isə türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır. Türk dövlətlərini vahid dövlət strukturu kimi götürsək, ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə hesab olunardı. Bu potensial Türk dünyasının iqtisadi gücünün real dəyəridir. İmkanlar isə daha böyükdür, nəqliyyat-tranzit imkanları, “yaşıl enerji”, turizm və digər potensiallarla birlikdə bu coğrafiyanın üzvlərinin iqtisadi gücü daha da artmış olacaq. Hazırda türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi təxminən 45 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 4 faizə yaxını deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Bu məqsədlə türk ölkələri ticarətin asanlaşdırılması, azad gömrük ittifaqının yaradılması, prefererensial ticarət rejimin yaradılması istiqamətində səylərini birləşdirib.
Bundan əlavə onu da qeyd etmək olar ki, 2024-cü ildə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi ötənilki illərlə müqayisə də 45 faiz, Qazaxıstanla 35 faiz, Türkmənistanla 4 dəfə, Qırğızıstanla isə 5 dəfə artıb. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 20 milyard dollaradək artırılması əsas proritet hədəflərdən biridir.
Daha bir maraqlı məqam isə isə Zirvə görüşündə açıqlanan rəqəmlər idi. Zirvə görüşündə açıqlanan rəqəmlərə nəzər yetirsək aydın olar ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.
Bundan əlavə Azərbaycanın müəllifi olduğu Transadriatik qaz kəmərini (TAP) elə Türk Dövlətləri Təşkilatının iqtisadi uguru da adlandırmaq olar. Bu kəmər vasitəsilə 4 türk ölkəsinin sahib olduğu Xəzərin qaz mənbələri hesabına Avropaya ildə 80-100 milyard kubmetrə yaxın qaz nəql etmək mümkün olacaq. Bu, Avropanın qaz tələbatının ən azı 40 faizi deməkdir. İllik ticarət dəyəri isə 70-80 milyard dollar deməkdir.
Azərbaycanın Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.
2024-cü ildә Türkiyә vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan üzәrindәn tranzit keçәn daşımalarının hәcmi 11 milyon ton təşkil edib. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılıb, müştərək müəssisələr qurulub. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb.
Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir.
İqtisadiyyat, loqistika, turizm sahəsindəki əməkdaşlıq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin gəlirlərini tənzimləyə bilər. Son illər ərzində Türkdilli ölkələrin arasında turizm sahəsində mühüm irəlləyişlər əldə edilib. Sözsüz ölkələrin iqtisadiyyatının inkişafının sürətləndirilməsi üçün bütün sahələrdə əməkdaşlıq vacibdir. Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü yeni imkanların yaranması baxımından önəmlidir.
Əlibala Məhərrəmzadə: Milli Məclisin deputatı