Bu gün Rəşad Məcidin doğum günüdür
Bu gün yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin doğum günüdür.
Rəşad Məcid 21 avqust, 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. O, 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990–1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991–1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, daha sonra "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.
Azərbaycan Mətbuat Şurasının sədri dünyanın müxtəlif ölkələrində — ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Polşa, Yunanıstan, Kipr, Cənubi Koreya, Küveyt, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və s. – mətbuat və ədəbiyyatla bağlı keçirilmiş bir çox tədbirlərin iştirakçısı olub, dəfələrlə Avropa Şurası Parlament Assambleyasının Fransanın Strasburq şəhərində keçirilən iclas və toplantılarında mətbuat nümayəndəsi kimi ölkəmizi təmsil edib.
O, 2021-ci ilin may ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş "Xarıbülbül" musiqi festivalının iştirakçısı olub.
Qeyd edək ki, Rəşad Məcid Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.