BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub

Zeferinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətində şəhərlərimizin və digər yaşayış məntəqələrimizin inkişafı, dayanaqlı həyat şəraitinin, sakinlərin rahat və sağlam həyat tərzinin təmin olunmasının daimi diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Təşkilat Komitəsinin sədri şəhərsalma fəaliyyətinin Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunduğunu və bu istiqamətdə məqsədyönlü fəaliyyətin həyata keçirildiyini deyib. Bu gün dövlət başçımızın rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında miqyasına, keyfiyyətinə və sürətinə görə dünyada postmünaqişə dövrünün misli görünməyən və qabaqcıl şəhərsalma standartlarına uyğun kompleks yenidənqurma işləri uğurla həyata keçirilir.
Daha sonra Təşkilat Komitəsinin üzvləri - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun və Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadənin gündəlikdə duran məsələlər üzrə məruzələri dinlənilib.
İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifələrə uyğun olaraq WUF13-ün milli koordinatoru və əməliyyat şirkətinin fəaliyyəti, forumun təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanması, Təşkilat Komitəsinin Katibliyinin işinin təşkili və digər aidiyyəti məsələlərlə bağlı tapşırıqlar verib.






