Bir qurumun ləğvi problemin mahiyyəti dəyişməyəcək

Bir qurumun legvi problemin mahiyyeti deyismeyecek

Artıq neçənci dəfədir ki, Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı ekspert Natiq Cəfərli Dövlət Gömrük Komitəsi ilə bağlı müəyyən fikirlər səsləndirir və bu fikirlər müəyyən saytlar tərəfindən tirajlanır.

Diqqətimi çəkən məqamalar haqqında yazmaq istəyirəm..

Belə ki, Natiq bəy kimi savadlı ekspertimizin yanaşmasında bir sıra ciddi məqamlar ya nəzərdən qaçırılır, ya da bilərəkdən kənarda saxlanılır.

İlk növbədə qeyd etmək lazımdır ki, gömrük əməkdaşlarının daşıdığı rütbələr hərbi rütbələr deyil, xüsusi xidmət rütbələridir. Bu, hüquqi baxımdan da, funksional baxımdan da fərqli anlayışlardır. Gömrük orqanları sərhəd təhlükəsizliyi, iqtisadi təhlükəsizlik və fiskal nəzarət baxımından strateji sahədir və bu strukturun özünəməxsus statusu var.

İkinci mühüm məqam: Natiq bəyin arzuladığı kimi gələcəkdə Gömrük Komitəsi ləğv edilərsə və ya başqa qurumun tərkibinə verilərsə də, problemin mahiyyəti dəyişməyəcək. Çünki əsas məsələ insan amilidir. Rüşvət almaq üçün konkret olaraq gömrükdə işləmək, gömrük forması geyinmək şərt deyil. Bu peşə yox, xarakter məsələsidir! Vicdanı olmayan insan hansı qurumda çalışırsa-çalışsın, eyni davranışı göstərəcək!

Əgər hər hansı bir qurumda rüşvət faktı aşkarlanırsa, həmin qurumun avtomatik olaraq ləğv edilməsi təklifi nə hüquqi, nə də məntiqi baxımdan əsaslıdır. Bu yanaşma absurddur. O zaman illər ərzində rüşvət faktları qeydə alınmış bəzi dövlət strukturlarını bağlamaq lazımdır ki, bu da real deyil.

Bəs doğru yol nədir?

Rüşvət faktı aşkarlanırsa – cinayət işi açılmalı, günahkarlar cəzalandırılmalı, institusional nəzarət mexanizmləri gücləndirilməlidir.

Cənab Prezidentin verdiyi göstərişlər açıq-aşikardır və bu gün məhz bu baş verənlər bunun əyani sübutlarıdır- Dünənki xidmətinə görə çox sağ ol, bu gün etdiklərinə görə cavab ver!

Vacib bir məqam da xüsusilə vurğulanmalıdır: son dövrlərdə gömrük sistemində aparılan əməliyyatlar, rüşvətxorluq və korrupsiya ilə bağlı ifşalar Dövlət Gömrük Komitəsinin öz daxili mexanizmləri və aidiyyəti dövlət qurumları ilə əməkdaşlığı nəticəsində həyata keçirilib. Yəni problemlər aşkarlanıb, ört-basdır edilməyib, əksinə, üzərinə gedilib. Bu isə qınanmalı deyil əksinə alqışlanmalıdır!

Bu reallıq fonunda məsələni yalnız “struktur kökündən ləğv edilməlidir” müstəvisinə gətirmək obyektiv yanaşma deyil. Ekspert mövqeyi faktlara söykənməlidir.

Hansısa bir qurumun ləğv edilməsi, birləşdirilməsi və ya formatının dəyişdirilməsi məsələsi- Dövlətin biləcəyi məsələdir! Bu, emosional yazılarla yox, strateji qərarlarla həll olunur!

Yazı yazmazdan öncə məlumatların dəqiqləşdirilməsi də bu məsuliyyətin bir hissəsidir.

 İqbal Səfərov