Bir əlində fırça, digərində silahla tarix yazan Qəhrəmanımız - MÜSAHİBƏ

Azərbaycan xalqı bu gün Qarabağda əldə olunan möhtəşəm Zəfərin 5-ci ildönümünü böyük qürur və sevinclə qeyd edir. Beş il əvvəl xalqımızın birliyi, ordumuzun qüdrəti və şəhidlərimizin müqəddəs qanı sayəsində 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz tam bərpa edildi və əsrlər boyu xalqımıza qarşı yönəlmiş "böyük ermənistan" ideologiyası tarixin zibilliyinə atıldı. Bu qələbə yalnız hərbi uğur deyil, həm də milli iradənin, dövlətçilik ənənələrimizin, həmrəylik və birlik ruhunun təntənəsi oldu.
Bu gün Azərbaycan tarixində yeni bir səhifə yazılıb – azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır, şəhərlərimiz və kəndlərimiz dirçəlir, bayrağımız hər qarışda qürurla dalğalanır. Zəfərimizin 5-ci ildönümü isə yalnız bir xatırlatma deyil, həm də gələcəyə inamın, milli qürurun və dövlətimizin gücünün göstəricisidir.
Bu münasibətlə Crossmedia.az Analitik İnformasiya Portalı olaraq "Zəfər - 5" adlı rubrika yaradıb möhtəşəm qələbəmizi, onun qəhrəmanlarını sizə təqdim edəcəyik.
Rubrikamızın ilk qonağı Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, Şuşaya ilk daxil olan bölmələrdən birinin komandiri, Vətən Müharibəsi Qəhrəmanı mayor Zaur Hüseynovdur.
- Necə oldu ki, hərbiçi olmaq kimi çətin bir işi seçmək qərarına gəldiniz?
- Mən özüm hərbçi ailəsində dünyaya göz açmışam. Atamı həmişə hərbi geyimdə görmüşəm. Bir hərbçinin həyatı necə olur bu uşaqlıqdan mənə məlum olub. Uşaqlığım Birinci Qarabağ müharibəsinə təsadüf edib. O günləri, cəbhədən gələn xəbərləri, atamın cəbhəyə yollanmasını yaxşı xatırlayıram. Hər uşaq kimi mənim də arzularım olub. Uşaq vaxtı yaxşı rəsm qabiliyyətim olduğu üçün rəssam olmaq istəyirdim. Müəyyən yaşıma qədər ixtisas seçimi ilə bağlı ailəmdən heç bir göstəriş almamışam. Bütün qərarlarımı özüm verirdim. Hesab edirəm bu da fərdin yetişməsi üçün vacib faktordur. Birinci sinifdə ağac şəkli çəkmişdim. Sinif rəhbərim baxdı və məni harasa apardı. Hara getdiyimi bilmirdim. İkinci mərtəbəki rəsm otağına getdik. Rəsm müəllimim, Telman müəllimə çəkdiyim şəkili göstərdi. Telman müəllim yaxşı çəkdiyimi vurğuladı, amma dedi ki, hələ birinci sinifdir, ikinci sinifdən qatılması daha məqsədəuyğundur. Rəsm qabiliyyətimi o qədər inkişaf etdirmişdim ki, məktəbin şagird rəssamı kimi tanınırdım. Hər yeni il və Novruz bayramında məktəbin divarlarında, şüşələrində çəkdiyim rəsmlər əks olunurdu. Sərgilərdə iştirak etdim, diplomlar qazandım. Fikrim birmənalı olaraq rəssam olmaq idi. 8-ci sinifdə oxuyanda atam dedi ki, istəyirəm sən də mənim kimi hərbçi olasan. Açığı hərbiyə marağım var idi. Amma özlüyümdə qərar vermişdim ki, rəssam olacam. Atamın da istəyi onun yolunu davam etdirməyim idi. Atamın istəyi məndə də həvəs yaratdı. Əslində müharibəyə qarşı idim. Mən incəsənətlə məşğul olan biri kimi düşünürdüm ki, insan qırğınları olmasın, dostluq olsun və insanlar firəvanlıq içində yaşasın. Hər zaman əzilən tərəfləri müdafiə etməyə çalışırdım və əzilən insan görmək istəmirdim. Amma 26 fevral Xocalı faciəsi kadrlarına baxanda erməni vəhşiliklərini, qız-gəlinlərimizə, körpə və yaşlılarımıza amansız davranışlarını görəndə düşmənə nifrətim daha da artırdı. Müharibə elə bir şeydir ki, yaşamasan nə olduğunu dərk edə bilməzsən. Amma hər bu motivdə film görəndə, xəritəmizdə 20 faiz işğal altında olan torpaqlarımızı görəndə düşmənə nifrətim bir qədər də artırdı. Düşünürdüm gedərəm hərbiyə, peşəkar hərbçi olaram, düşmənləri məhv edərəm. Ən çox da snayperə marağım var idi. "Uzaq sahillərdə" filminə baxmışdım və düşünürdüm ki, Mixaylo da həm rəssamdır, həm hərbçi. Beləcə Cəmşid Naxçıvanski adına hərbi litseyə yollandım. Düzdü hərbiyə hazır deyildim, mən daha çox ruh, incəsənət adamı idim. Fiziki cəhətdən də çox güclü deyildim. Biləndə ki, hərbi məktəbə gedəcəm, yay tətilində idmanla məşğul olmağa başladım və normativləri ən yüksək səviyyəyə çatdırmışdım. Qəbul imtahanlarından müvəffəqiyyətlə keçərək hərbi litseyə qəbul oldum. İlk günlərdə mənim üçün təəccübləndirici oldu. Çünki gözlədiyim mənzərə o idi ki, bizə silah veriləcək və biz təlim keçəcəyik. Hələ nizam-intizam qaydaları öyrədilirdi. Amma düşündüm ki, gələcəkdə daha peşəkar hərbi biliklərə yiyələnəcəm və başladığım işi sona çatdırmalıyam. İdmana güc verib elə səviyyəyə çatdırdım ki, tağımda birinci oldum. Bununla paralel rəsm də çəkirdim. Hərbi liseydə rəsm dərnəyi də var idi. Dərnəyin sərgilərində iştirak etdim. Hətta birinci yer tutmuşdum və türk zabitlər mənə mükafat olaraq qol saatı təqdim etmişdilər. Mustafa Kamal Atatürkün rəsmini çəkmişdim. Onlar bunu bəyənib özləri ilə aparmışdılar. Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul oldum. Ali Hərbi məktəbdə təhsil aldığım müddətdə hazırlaşaraq yarışda iştirak etdim. Elə oldu ki, yarışda mən komanda birincisi, ordu üzrə nəticələrdə isə 2-ci yeri tutdum. Bir sıra birinciliklərim olmuşdu. Ümumilikdə 29 medal qazanmışdım ki, bunun 3-ü bürünc, 5-i gümüş, 21-i isə qızıl idi. Həm də mən idmanın bir növü ilə kifayətlənmir, müxtəlif növ yarışlarda iştirak edirdim. Ali Hərbi məktəbdə oxuduğum müddətdə məndə vətənpərvərlik, xalqa millətə sədaqət çox yüksək səviyyədə idi. Xüsusən də nizam-intizamlı kursant idim. Oxuduğum iki hərbi məktəbi tam intizam balı ilə yekunlaşdırmışam. Heç vaxt pis vərdişlərə meyl etməmiş, kursant yoldaşlarımı da nizam-intizama səsləmişəm. Çünki hər birimiz Azərbaycan ordusunu təmsil edirdik. Zabit olana qədər özümdə də narahatlıq var idi ki, görəsən mən vətənə xeyirli zabit ola biləcəmmi? Gözlədiyim vaxt gəldi və 7 ildən sonra zabit hərbi rütbəsinin ilkini, leytenant hərbi rütbəsini çiyinlərimdə daşımaq şərəfinə nail oldum və ordu sıralarında xidmətə başladım. Mən heç vaxt xüsusi təyinatlı olacağımı düşünməmişdim. Orduda da cəbhə bölgəsində xidmət edirdim. Cəbhə bölgəsində xidmət çox çətin idi. Bir gün xüsusi təyinatlı qüvvələr sırasında xidmət etmək üçün 6 aylıq XTQ kursuna seçim mərhələsi başlamışdı. Qərara aldım ki, mən də adımı siyahıya yazdırım. Çünki eşitmişdim ki, XTQ ordunun ən elit bölmələridir. Seçimə gələn heyətin rəhbəri bir zabit olaraq hansı üstün bacarıqlarımın olduğunu soruşdular. Mən də idmanımın, hərbi və topoqrafiya biliklərimin yüksək səviyyədə olduğunu qeyd etdim. Sonra anketi doldurmaq üçün çağırdılar və kursa qatılmaq üçün xidmət etdiyim hərbi hissəyə telefoqramma göndərdilər. Kursa yollandım və birinci mərhələdə idmanda hamıdan yüksək bal topladım. Kursu keçmək üçün 400 nəfər qatılsa da kursu 34 nəfər bitirdi. Onların içərisində mən birinci oldum. Hamı necə bacardığımı soruşurdu. Amma düşünürdüm ki, mən 15 yaşımdan bu işdəyəm bu bir neçə aylıq iş deyil. Yekunda kursu birinciliklə bitirdim və XTQ mənsubu olaraq müxtəlif bölgələrdə xidmət etdim. Xidmət etdiyim dövrdə Türkiyə Cümhuriyyətində beynəlxalq dalğıc kursunda və birinci sinif dalğıc təlimatçısı kurslarında iştirak etmişəm. Həmin kursları da müvəffəqiyyətlə yekunlaşdırmışam. Türkiyədə bu kursu keçməklə yanaşı oradakı cəmiyyətlə, mühitlə, ölkəmiz haqqında təsəvvürləri ilə tanış oldum. Hər zaman çalışdım ki, onların ümümi fikirlərini öz davranışlarım və təbliğatımla daha çox müsbətə doğru dəyişim. Xidmət etdiyim dövrlərdə müxtəlif döyüş tapşırıqlarında iştirak etmişəm.
- İkinci Qarabağ müharibəsindən danışmaq istəyirik. Necə oldu sizə əmr gəldi ki, döyüşə başlayın?
- Mən 11 il XTQ-də xidmət etmişəm və biz hər zaman döyüş tapşırıqlarına yüksək səviyyədə hazır olmuşuq. Dağlıq ərazilərdə, poliqonlarda, gecə-gündüz ciddi təlimlər keçirdik. Komandanlığımız bizə hər zaman deyirdi ki, bu təlimlərdə döyüşçü peşəkarlığı qazanmalıyıq ki, işğalda olan torpaqlarımızı düşmən tapdağında azad edə bilək. O gün gələndə yalnız qələbə qazanmalı, Cıdır düzündə biz at çapmalıyıq. Ona görə də hər zaman yüksək dağlıq ərazilərdə təlimlər keçir, yüksək zirvələri fəth edirdik. Buna görə düşünürdüm ki, XTQ döyüşə hər zaman yüksək səviyyədə hazırdır. Şükürlər olsun ki, o gün gəldi və 2020-ci il 27 sentyabrda düşmən təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatları başladı. Həmin tarixdən XTQ-də əks-hücum döyüş əməliyyatlarına qatıldı. Murov yüksəkliklərindən və Füzuli istiqamətindən döyüşlərə atıldıq. Bizim bölməmiz polkovnik-leytenant Babək Mustafayevin və mayor Gündüz Səfərlinin rəhbərliyi ilə Füzuli istiqamətindən fəaliyyətə başladı. Cəbrayıl rayonunun işğaldan azad edilməsində XTQ-nin rolu böyük oldu. Cəbhənin bütün istiqamətlərində "Ohanyan" adlandırdıqları keçilməz səddi XTQ yararaq cəbhəni Cəbrayıl sitiqamətində genişləndirdi.
- O səddin doğurdanmı keçilməsi o qədər çətin idi?
- Bəli. Çünki onlar 30 ildə tanıdığı bütün ərazilərdə möhkəmlənmişdilər. Təcrübəyə əsasən onlar bizim yaxınlaşma istiqamətlərimizi nəzərə alaraq bütün fəaliyyətlərdə bizi qarşılamaq üçün planlar hazırlamışdılar. Səngərlər, bunkerlər, sığınacaqlar hazırlamışdılar. Həmçinin tank əleyhinə silahlarla bizim tankdan istifadəmizi minimuma endirmişdilər. Bizdən yuxarı mövqedə yerləşdikləri üçün bizi daim atəş altında saxlayırdılar. Ona görə bu yerləri addım-addım keçməli idik. XTQ 1 həftə gecə-gündüz dayanmadan döyüşdü və Cəbrayıla girdi. Elə mövqelər qurmuşdular ki, sadəcə bir neçə səngər deyildi ki, alaq irəliləyək. Birini alırdıq arxadakına sığınırdılar. Və hər əvvəlki səngərdə silahlar, canlı qüvvə və oranı dəstəkləyən ağır artilleriya var idi. Hər şeyi hesablamışdılar ki, ordumuzun qarşısını necə alacaqlar. Amma hesab edirəm ki, XTQ-ni nəzərə almamışdılar. Onlar düşünmürdülər ki, ordu səviyyəsində olan bir döyüşdə kiçik bir qrup hər səngərdə onlarla döyüşüb onları məhv edəcək, onların səngərini alacaq. Oktyabr ayının 4-ü Cəbrayıl rayonu işğaldan azad edildikdən sonra Hadrut uğrunda döyüşlər başladı. Cəbhənin hər yerində döyüş gedirdi. Cəbrayılla, Füzuli rayonları cəbhə istiqamətində paralel yerləşsə də, komandanlığın qərarı belə oldu ki, Füzuli rayonu yox Hadrut qəsəbəsi uğrunda döyüşə başlamalıyıq. Belə də oldu. Hadrut həm yüksəklikdə idi, həm də orada ermənilərin əsas gücləri cəmlənmişdi. Komandanlıq çox düzgün qərar qəbul etdi ki, Hadrutun alınması düşmənə sarsıdıcı zərbə olacaq. Bizim XTQ-nin bir hərbi hissəsi Hadruta girmək üçün irəlilədi, biz isə Füzuli-Hadrut yolunun üzərindəki Görazıllı kəndini düşmən işğalından azad etməli idik ki, Füzulidən Hadruta düşmən qüvvələri kömək göstərə bilməsinlər. Görazıllı kəndi istiqamətində irəlilədik və kəndin üzərindəki yüksəklikləri ələ keçirdik. Kəndə doğru eniş zamanı düşmən gizli mövqelərdən bizi pusquya salmaq üçün tərtiblənmişdi. Pusquda gizlənib bizi gözləyirdilər. Biz həmişə gecə, düşmənin gözləmədiyi vaxtda hərəkət edirdik. Düşmənin canında xof yaradan da elə bu idi. Biz yaxınlaşanda gecə idi deyə düşmən pusquda yatıb qalmışdı. Mayor Gündüz Səfərli və yanındakı silahdaşlarımız pusquda yatan ermənini görmüşdü. Onu susdurucu silahla öldürmüşdülər. Susdurucu silahın səsi yavaş olsa da eşidilir. Ermənilər bunu eşidib qışqırmağa başladılar. O qışqıranlardan birini də vurandan sonra yağış kimi üstümüzə mərmi yağdırmağa başladılar. Düşmən bizdən xeyli çox olsa da onları məhv edib Görazıllı kəndini düşməndən azad etdik. Qruplarımız Füzulidən Hadruta köməyə gələn düşmən qüvvələrinin qarşısını almaq məqsədi ilə yol üzərinə pusqular və mühəndis maneələri qururdular. Bu zaman düşmənin 3 Kamaz markalı avtomobilinin Füzulidən Hadrut istiqamətinə hərəkət etdiyini müşühidə etdik.
Yolun üzərinə mühəndis manesi quraşdıran qrupumuza xəbər verdik ki, maşın gəlir tez yoldan çıxın. Elə oldu ki, düşmənin birinci gələn maşınındakı heyəti axrıncı qaçan silahdaşımızı gördü. Başa düşdü ki, yol üzərində pusqu var. Avtomobili yolun kənarına çıxararaq yoldan meşəyə yönələn torpaq yolla meşəlik əraziyə daxil oldular. Bunu görən qrupumuz macal taparaq sonuncu düşmən avtomobilini qumbaraatanla vurmağa nail oldular. Avtomobil yanmağa başladı. Avtomobildən düşüb qaçmaq istəyən 20-dən çox düşməni oradaca məhv etdilər. Digər iki avtomobil isə isə meşənin içərisinə doğru irəliləyərək gizləndilər. Biz kəndin kənarındakı yüksəklikdən onları qismən müşühidə edirdik. Mən snayperləri yerləşdirərək durbinlə hədəf yönləndirməsi edirdim ki, düşməni olduğu mövqelərdə snayperlə məhv edək. 3-4 saatlıq ağır döyüş getdi. Bizim qruplarımız onları mühasirəyə aldı. Kapitan Sənan İsmayılovun və kapitan İsmayıl Səmədovun qrupları düşmən üzərinə irəlilədilər. Onlar düşməni tam məhv edərək bu döyüşü sonlandırdılar. Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədov bu döyüşdə şəhid oldu. Biz elə bilirdik ki, burada 15-20 nəfər düşmən var. Maşının içində ən az 20 nəfər, digər qrupda 47 nəfər var idi. Hadrutun azad olunmasından sonra biz Füzuli istiqamətində irəlilədik. Biz Füzuli şəhərinə düşmən cəbhəsinin tam arxasından yaxınlaşdıq və müşahidə etdik ki, düşmənin ağır artilleriyası iki batareya ilə Qaraxanbəyli istiqamətində bizim ordu ilə döyüşən düşmən qüvvələrinə dəstək üçün cəbhəyə zərbələr endirir. Hədəf yönləndirməni sürətli və dəqiq bacardığım üçün mayor Gündüz Səfərli dedi ki, buranın koordinatlarını ötür bizim artilleriya vursun. Bizim artilleriya da çox dəqiq zərbələr endirirdi. Mayor Həzrət Ələkbərov və mayor Zaur Ələkbərov artilleriya bölmələrinin komandirləri idilər. Koordinatları rabitə vasitəsi ilə ötürdüm və hər iki batareyaya dəqiq zərbələr endirdilər. Artıq o qədər təcrübə qazanmışdım ki, yoxlama atışı istəmədən dəqiq koordinat ötürürdüm və dəqiq zərbələrlə düşmənə ciddi təlafat verirdim. Havadan dronlar vasitəsilə müşahidədən yayınmaq məqsədi ilə ermənilər silah-sursatı mülki maşınlarda daşıyırdılar. Biz yuxarı komandanlığa bu haqda da məlumat ötürdük. Həmin gecə artilleriya bölməsini və digər müdafiə bölmələrini məhv edərək Füzuli şəhərinin üzərindəki mövqelərdə yerləşdik. Növbəti komanda ilə də şəhərə girməyə hazırlandıq. Həmin tapşırığa İlqar Orucov rəhbərlik edirdi. Onlar şəhərə girməli idi, onların qərb hissəsini isə biz pusqularla müdafiə etməli idik. Belə də oldu. Onlar Füzuli şəhərinə daxil oldu, biz də döyüşü davam etdirdik. Bizim döyüş taktikamızı onların yüksək rütbəli zabitləri belə başa düşə bilmirdilər. Onların polkovnik-leytenantı var idi ki, öz maşını ilə Qaraxanbəyli istiqamətində döyüşən bölmələrinə tərəf cəbhəyə gedirdi, ama bilmirdi ki Azərbaycan xüsusi təyinatlısı artıq onların ənsəsindədir. Müəyyən müddət gedəndən sonra gördük ki, həmin zabit piyada qaçır. Uşaqlar onu snayper ilə vurdu. Üstündən xəritə, xaricdə təhsillə bağlı müəyyən sənədlər çıxdı.
- Siz Şuşa ətrafında döyüşlərdə də iştirak etmisiniz. Şuşaya ilk addımı atmağınızla, Şuşanın azad edilməsi ilə bağlı təəsüratlarınızı danışa bilərsinizmi?
- Noyabr ayının ikisində artıq Şuşanın işğaldan azad edilməsi komandasını aldıq. Tabor komandiri kimi fəaliyyət göstərirdim. Şuşa şəhərinə daxil olmaq, düşməni təmizləmək XTQ-ə həvalə olunmuşdu. Axşam hava qaralandan sonra Şuşa istiqamətində hərəkətə başladıq. Düşünmək belə çətin idi. Danışılanlardan və Şuşanın xəritədə relyefini görəndən sonra başa düşdük ki, o qədər də asan olmayacaq. İçimizdə başqa bir hiss var idi. Şuşa bizim üçün mənəvi əhəmiyyət kəsb edirdi. Nə olursa-olsun Şuşanı düşməndən təmizləməliyik. Daşaltı kəndinin bir kilometr cənubundan gizli şəkildə Şuşaya doğru irəlilədik. Şuşanı müşahidə edə biləcəyimiz mövqelərə yerləşdik. Noyabrın 3-ü biz müşahidə edirdik ki, Şuşaya hansı yoldan yaxınlaşacağıq. Düşmən Şuşanı müdafiə etmək üçün hər növ texnika və artilleriyanı orada yerləşdirmişdi. Yolun üzərində səngərlər qazmışdılar. Gizli şəkildə hərəkətə başladıq. Yolun 300-400 metrliyinə çatanda artıq biz onlarla döyüşə girməyə məcbur idik. Artıq üz-üzə döyüşlər başladı və bizi hər tərəfdən güllə yağışına tutdular. İz buraxan mərmilərdən və işıqlandırma minalarından istifadə edirdilər ki, harada olduğumuzu müşahidə edə bilsinlər. Bunun da xofu onda idi ki, üzərinə gələn gülləni öz gözlərinlə görürsən. Bir anda hamı qalxdı ayağa “Allahu əkbər” qışqıraraq düşmən üzərinə irəliləməyə başladıq. Düşməni həmin mövqelərdə məhv etdik və Şuşa-Laçın yolunun üzərinə qalxdıq. Yolun üzərində artıq içimizdəki Şuşa eşqi, Vətənə qovuşmaq eşqi bir qədər də yüksəlmişdi. Buranı tez bir zamanda tərk etməli idik. Çünki düşmən artilleriyası susmurdu. Amma hamı o asfaltın üstündə qalmaq istəyirdi. Daha sonra yolu keçib Şuşa-Laçın yolu üzərindəki yüksəklikləri tutduq. Başladılar ağır artilerriya ilə bizi vurmağa. Şəxsi heyəti İsa bulağı tərəfdəki dərələrə çəkdim ki, zərbələr təsir göstərməsin. Paralel olaraq bizim komandanlıq düşməni aldatmaq və qüvvəsini başqa istiqamətə cəlb etmək məqsədi ilə Daşaltı istiqamətində də hücum əməliyyatları icra edirdi. Amma düşmən heç də saf deyil. Onlar başa düşmüşdü ki, bundan əvvəlki döyüşlərdə necə arxadan fırlanıb gəlmişdik. Bilirdilər ki, onların içindən çıxacağıq. 3 noyabrda biz İsa bulağında idik. Biz düşməni bir qədər də çaşdırmaq üçün bir gün o meşələrdə gizləndik. Paralel olaraq da Zarıslı kəndi istiqamətində Şuşa-Laçın yolunu düşmənin üzünə bağlamaq məqsədi ilə bir bölməmiz tapşırığı icra edirdi. Biz həmçinin Şuşaya Xankəndidən gələn yolu da bağlamalı idik. Şuşa şəhərinin daxilinə həmin istiqamətdən, həmçinin digər qrupla Daşaltı istiqamətində daxil olmalı idik. Bir gün gözlədik və noyabrın 5-i Xankəndi istiqamətində hərəkətə başladıq. Şuşanın arxasından irəlilədik. Düşməni qəfil yaxalamaq üçün qalxdığımız qədər yolu bir də aşağı düşürdük. Artıq Şuşa-Xankəndi arasındakı dərələrdən keçərək sıldırım qayalardan, kollardan qalxaraq Xankəndi-Şuşa-Laçın yolu üzərinə qalxdıq. Düşmənin ehtiyat qüvvələri o yolun üzərində cəmlənmişdi. Düşməni məhv edərək Şuşa qalasına doğru irəlilədik. Ermənilər nə baş verdiyini başa düşmədilər. Hətta çaşqınlıqdan özlərini atəşə tutdular. Bu relyefi ağır yüklə və yorğun vəziyyətdə döyüşərək qalxmaq çox çətin olsa da biz bunu bacardıq. Çünki məqsədə aparan inam bizi o keçilməz relyefdən keçirdi. Bir-birimizə əl verərək, silahlarımızdan tutaraq o yola çıxa bildik. Çıxandan sonra mühafizə üçün orda bir qrup yerləşdirdim və digərləri ilə şəhərə girdik. Qala divarlarının qabağında şamlıq əraziyə qalxdıq. Qaranlıq zülmət gecə idi. Düşmən tanklarının səsi eşidildi. Tanklarla üzərimizə hücum etdilər. Orda şəhidlərimiz, yaralılarımız oldu. Tanklarının gecə görüş cihazları ilə bizi daha aydın görürdülər. Bizim tank əleyhinə vasitələrimiz qurtarmışdı. Tank əleyhinə raketlər isə bizim sürətimizə çata bilməzdilər. Çünki, 35-40 kq çəkidə olan vasitələri o reliyefdə sürətlə daşımaq asan deyil. Yaralılarımızı, şəhidlərimizi götürüb Qala divarının arxasına keçdik. Onları yaxınlıqdakı evin birinə yerləşdirdik. Düşmən daha böyük qüvvə ilə gələcəkdi. Biz qruplara bölündük. Mən qala divarları ətrafında şəxsi heyəti yerləşdirdim. Artıq noyabr ayının 6-sı səhər biz üzü Xankəndi istiqamətində düşmənlə döyüşürdük. Tankalar, arxasında piyadalarla hücum edərək bizi məhv edib şəhərə girmək istəyirdilər. Biz əlimizdəki avtomatlarla onların şəxsi heyətini məhv etdik. Amma tanklar irəliləyirdi. Qala divarları o qədər möhkəm idi ki, tanklar bizə atışlar etsələr də, zərbə dəyirdi amma şəxsi heyətə heç nə olmurdu. Bunu görən şəxsi heyət daha da ruhlanırdı. Tankla üz-üzə durmaq acizlik yaratsa da ata-babalarımızın bizə miras qoyduğu bu qala divarları bizə güc verirdi. O torpaqlar mənə elə doğma idi ki, sanki burada böyümüşdüm. Təbiət də döyüşdə bizə kömək edirdi. Sanki o qayalar illərdi bizi gözləyirdi və biz birlikdə döyüşürdük. Biz tank əleyhinə vasitələrimiz gələnə qədər düşməni inandırmaq istəyirdik ki, əlimizdə vasitələr var. Bizim elə döyüşçülərimiz var idi ki, tankın önünə çıxıb onun üzərinə əl qumbarası atırdı (Elmir Əmirov). Ermənilər çox əmin idi ki, vasitəmiz yoxdu və lyukdan baxa-baxa tankı sürürdülər. Snayperlərimiz var idi ki, o lyukdan baxan düşmənin tank komandirini vurdular. Düşmənə şəhərə daxil olmağa imkan vermədik. Hamsını bir-bir məhv etdik. Noyabrın 6-sı belə üç həmlələrini dəf etdərək onların qarşısını aldıq. Bizə kömək gələ bilmirdi, yaralılarımızı təxliyyə edə bilmirdik. Çünki hələ ərazilər tam nəzarətimizdə deyildi. Amma bir an belə geri dönməyi düşünmürdük. Daşa-divara sarılıb qalmışdıq orda və düşünürdük ki, bütün xalq arxamızdadır. Qarşımızdakı isə sadəcə 5-6 tankdır. Noyabr ayının 7-si günorta artıq tank əleyhinə vasitələr gəlib bizə çatdı. Biz düşmənin 2 tankını vurduq, 2-sini isə orda işlək vəziyyətdə qoyub qaçdılar. Özləri kadrlar da çəkiblər bizim onları vurmağımızı və qaçmaqlarını. Qaçanlar da pusquya salınaraq məhv edildi. Noyabrın 7-si günortadan sonra Şuşa artıq bizdə idi. Amma noyabrın 10-a qədər döyüşlər davam etdi. Artilleriya ilə elə zərbələri endirdilər ki, mən belə mənzərə ilə qarşılaşmamışdım. Bir neçə istiqamətdə sarsıdıcı zərbələr endirirdilər. Amma bir nəfərin də burnu qanamadı. Göstəriş verdik ki, hamı sığınacaqda qorunsun. Noyabrın 9-u da artilleriya, tank əleyhinə vasitələrlə, snayperlə bizə atışlar edirdilər. Atəşkəs elan edilənə qədər bizim yaralılarımız oldu. Noyabr ayının 10-u gecə saatlarında atəşkəs elan edildi. Səhər saatlarında artıq Azercell şəbəkəsi Şuşada idi. Hamı telefonala ailəsi ilə danışdı. O ana qədər heç kəsin ailəsi yadına düşmürdü, düşünmürdük ki, bizim buradan başqa bir həyatımız var.
- Son olaraq zəfərimizin 5 illiyi ilə bağlı xalqımıza nə demək istəyirsiniz?
- Vətən müharibəsində XTQ-nin düşmən üzərində yaratdığı təsiri dövlətimiz məharətlə qiymətləndirərək yeni xüsusi təyinatlı birləşmələr yaratdı. 2023-cü ildə düşmənə son sarsıdıcı zərbəni endirərək onu tam təslim olmağa məcbur etdilər. Beləliklə suveren torpaqlarımızın hər qarışında Azərbaycan bayrağı dalğalanmağa başladı. Mən hesab edirəm ki, düşmən artıq nəsə əldə etmək üçün yox, ərazilərini əldə saxlamaqla məşğul olmalıdır. Artıq onlar bizim gücümüzə bələddirlər. Biz onların 100 illik ideologiyalarını darmadağın etdik. Regionda sülh olmalıdır və dövlətimiz, cənab Ali Baş Komandanımız İlham Əliyev bunu təmin edir. Dünyada baş verən bütün proseslərə nəzər salsaq bizə bunu deməyə əsas verir ki, bu gün milli təhlükəsizlik məsələsi bütün faktorlardan daha aktualdır. Prezident İlham Əliyevin də siyasəti bizi gördüyümüz və görmədiyimiz bir çox təhlükələrədən qoruyur. Hesab edirəm ki, Vətən müharibəsində göstərdiyimiz birliyə, bərabərliyə hələ çox ehtiyacımız olacaq. İnanıram ki, xalqımız da bu birliyi qoruycaq və dövlətimizin qarşısına qoyduğu strateji hədəflərə çatmaq üçün əsas stimul olacaqdır. Allah şəhidlərimizə rəhmət etsin. Onlar bizim üçün bir əbədiyyət simvolu, bir qəhrəmanlıq dastanıdır.