“Bilim Quba” mərkəzi fəaliyyətə başlayır

“Bilim Quba” merkezi fealiyyete baslayir

14 may 2025-ci il tarixində “Bilim Quba” mərkəzinin açılış tədbiri keçirilib.

Quba “ASAN Həyat” kompleksində yerləşən mərkəz “Bilim Azərbaycan” layihəsi çərçivəsində fəaliyyət göstərir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev, Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) Direktorlar Şurasının sədri Elvan Kuzucu Hıdır, azərbaycanlı və türkiyəli digər rəsmilər iştirak ediblər.

Məqsəd regionlarda yaşayan istedadlı uşaqların potensiallarını üzə çıxarmalarına və beynəlxalq elmi-texnoloji mühitə inteqrasiyalarına şərait yaratmaqdır.

Regionda yaşayan şagirdlər üçün əlçatan və keyfiyyətli texnoloji təhsil imkanlarını yaratmaq da əsas hədəflərdir. Burada “Təbiət elmləri laboratoriyası”, “Riyaziyyat laboratoriyası”, “Astronomiya, kosmos və aviasiya laboratoriyası”, “Dizayn laboratoriyası” olmaqla 4 laboratoriya fəaliyyət göstərir. Hər birində 20 nəfərə, ümumilikdə isə 80 şagirdə eyni vaxtda xidmət imkanı var.

Mərkəzdə həmçinin gələcəyin tələblərinə uyğun layihə əsaslı və problem yönümlü təhsil yanaşmasını tətbiq edən “Deneyap texnologiya proqramı” həyata keçirilir. 2025-ci ilin aprel ayında Quba şəhərində təşkil olunan seçim imtahanında iştirak edən 1000 şagird sırasından müəyyən edilmiş 80 nəfər sözügedən proqramda təhsil almaq hüququ qazanıb. Bu çərçivədə şagirdlər 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlərdə iştirak edəcəklər.

Xatırladaq ki, “Bilim Azərbaycan” layihəsi 23 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) arasında imzalanmış Anlaşma Protokolu əsasında həyata keçirilir. Məqsəd 6–14 yaş arası uşaqlarda texnologiya, elm, sahibkarlıq və innovasiya sahələrinə marağı artırmaq, onları XXI əsrin tələblərinə cavab verəcək bilik və bacarıqlarla təchiz etməkdir.

“Bilim Azərbaycan” modelinin ilk nümunəsi olan “Bilim Bakı” mərkəzi 28 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Nobel mükafatı laureatı, professor Əziz Sancarın iştirakı ilə istifadəyə verilib. Bu uğurlu modelin davamı olaraq artıq ikinci mərkəz kimi “Bilim Quba” bölgədə fəaliyyətə başlayır.