Beynəlxalq Sağlamlıq Turizmi Sərgisi keçiriləcək
2026-cı il, fevralın 14-15-də Böyük Britaniyanın paytaxtı Londonda Beynəlxalq Sağlamlıq Turizmi Sərgisi keçiriləcək.
Bu barədə məlumat Zeferinfo.az-a Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından daxil olub. Bildirilib ki, sərgi çərçivəsində konfransı və B2B görüşləri də təşkil olunacaq.Bu nüfuzlu tədbir, başda Türkiyə olmaqla Böyük Britaniya, Almaniya, İspaniya, Yunanıstan, Portuqaliya, Albaniya, Xorvatiya, Şimali Makedoniya, Hindistan, Azərbaycan, Qazaxıstan və digər ölkələrdən dünyanın aparıcı səhiyyə qurumlarını birbaşa Avropa bazarı ilə bir araya gətirən mühüm platformadır.
Sağlamlıq turizmi sahəsində uğurla həyata keçirilmiş əvvəlki təşkilatların təcrübəsinə əsaslanan bu sərgi yalnız minlərlə potensial pasiyentlə birbaşa ünsiyyət qurma imkanı yaratmır, eyni zamanda 15-dən çox ölkədən gələn sağlamlıq turizmi agentlikləri və həll tərəfdaşları ilə uzunmüddətli pasiyent yönləndirmə müqavilələri bağlamaq imkanı təqdim edir.
Tədbirə ümumilikdə 27 ölkədən 660-dan çox iştirakçı qurum, 39 ölkədən 350-dən çox sağlamlıq turizmi agentliyi, eləcə də 33.000-dən çox ziyarətçinin qatılacağı gözlənilir.
Sərgi və konfransda Azərbaycanın da müvafiq şirkət və müəssisələrinin iştirakı nəzərdə tutulur.