Beynəlxalq Diaspor Mərkəzinin və Paşalı İcmasının üzvləri Qafqaz İslam Ordusunun naməlum döyüşçüsünün xatirəsini yad edəcəklər

Beynelxalq Diaspor Merkezinin ve Pasali Icmasinin uzvleri Qafqaz Islam Ordusunun namelum doyuscusunun xatiresini yad edecekler

Aprelin 23-ü saat 13:00-da Beynəlxalq Diaspor Mərkəzinin və Qərbi Azərbaycan İcmasının Paşalı Rayon İcmasının birgə təşkilatçılığı ilə «Torpaqlarımızın azadlığında Aprel Zəfəri» mövzusunda tədbir keçiriləcək.

BDM-in Mətbuat Xidmətindən Zeferinfo.az-a daxil olan məlumata görə, tədbir çərçivəsində 1918-ci ildə Azərbaycan xalqının azadlığı uğrunda vuruşaraq, şəhid olmuş Qafqaz İslam Ordusunun naməlum döyüşçüsünün xatirəsinə Bakı — Şamaxı avtomobil yolunun kənarında ucaldılmış abidə ziyarət olunacaq.

Bu ziyarətin əsas məqsədi Azərbaycan tarixində mühüm yer tutan Aprel Zəfərinin əhəmiyyətini, vətənpərvərlik ruhunu və Qafqaz İslam Ordusunun fədakarlığını gənc nəslə aşılamaq, eyni zamanda Azərbaycan — Türkiyə qardaşlığının sarsılmaz tellərlə bağlı olduğunu təbliğ etməkdir.

Tədbir zamanı iştirakçılar tarixi həqiqətləri bir daha xatırlayacaq, Qafqaz İslam Ordusunun xalqımızı erməni-bolşevik cəlladlarının törətdiyi qırğınlardan xilas etmək naminə göstərdiyi qəhrəmanlıq nümunələrinə ehtiramlarını bildirəcəklər.

Beynəlxalq Diaspor Mərkəzi və Paşalı İcması keçirəcəkləri bu tədbirlə bir daha bəyan edir ki, tarix saxtalaşdırıla bilməz və xalqımızın azadlığı uğrunda canından keçənlərin xatirəsi daim uca tutulacaq.

Back To Top