Sitat.info-nun redaksiyasına şikayət ünvanlayan kənd sakinləri bildiriblər ki, bələdiyyə sədri Rauf Cəbiyev kənddə özbaşınalıq edir.
O, sakinləri təhqir edir, onlara qarşı hörmətsiz hərəkətlərə yol verir və vəzifə səlahiyyətlərindən sui-istifadə edir. R.Cəbiyev bələdiyyə sədri seçilən gündən sakinlərin problemləri ilə maraqlanmayıb, səsini çıxaranı isə təzyiqlərə, hədələrə məruz qoyur.
Kənd sakinlərinin "Sitat.info"ya göndərdikləri videoda Rauf Cəbiyev onlarla mübahisə edir, xoşagəlməz ifadələr işlətdiyi əl-qol hərəkətlərindən də aydın görünür. Belə ki, yolsuzluqdan əziyyət çəkən qəsəbə sakinləri bələdiyyə sədrinə sözlərini desələr də, sədr onları dinləmir, əksinə təhqiramiz ifadələr işlədir. "Siz kimsiniz? ", "Səni "götüzdürərəm (həbs etdirərəm-red )", “sizin burnunuzdan gəlsin", “mənimlə qoz-qoz oynamayın” - kimi ifadələr kənd əhalisinin Rauf Cəbiyevdən ən çox eşitdiyi sözlərdir.
Sakinlərin göndərdiyi şikayət məktubunda qeyd olunur ki, hazırkı bələdiyyə sədri Rauf Cəbiyev bələdiyyə idarəsini şəxsi maraqlarına xidmət edən bir quruma çevirib: "Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına da müraciət olunub. O, bələdiyyə üzvlərini idarədən uzaqlaşdıraraq istədiyi kənar adamları işə götürüb. Bununla bağlı sübutlar da mövcuddur. Saxta protokollar tərtib edir və bələdiyyə üzüvlərinin yerinə özü qol çəkərək protokolları saxtalaşdırır. Rauf Cəbiyev bələdiyyəyə ayrılan büdcəni, üstəgəl xeyriyyəçilərin pullarını da mənimsəyir".
İddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sakinləri "Sitat.info"ya göndərdikləri videoları təqdim edirik:
Tehran: Sitat.info