Bayram günlərində qatarla səfər edənlərin SAYI

Bayram gunlerinde qatarla sefer edenlerin SAYI

ADY Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Zeferinfo.az xəbər verir ki, 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 7 əlavə reys, Bakı–Qəbələ–Bakı xətti üzrə 4 əlavə reys təyin olunub. Bakı–Balakən–Bakı marşrutu üzrə isə qatarlara tələbata uyğun olaraq əlavə vaqonlar qoşulub.

5 iyunda Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb. Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir. Ümumilikdə Bakı–Balakən–Bakı istiqaməti üzrə 2 170 nəfər daşınıb.

6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı xətti üzrə 5 814 nəfər səfər edib. Onlardan da 1 842 nəfər əlavə reyslə səyahət edib. Bakı–Qəbələ–Bakı xətti üzrə isə 1 330 nəfər səfər edib, onlardan da 577 nəfər əlavə reyslə səyahət edib.

6-9 iyun tarixlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə və bazar günü qrafiki əsasında fəaliyyət göstərib. Bu marşrutla həmin tarixlərdə 45 361 nəfər daşınıb.

Ümumilikdə 6-9 iyun tarixlərində qatarlarla 54 675 nəfər səyahət edib.