Baxtiyor Saidov: Özbəkistan qardaş Azərbaycan ilə bu çətin günlərdə həmrəydir

Baxtiyor Saidov: Ozbekistan qardas Azerbaycan ile bu cetin gunlerde hemreydir
Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı qarşı tərəf ötən gün AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhəri yaxınlığında uğradığı faciəvi qəza ilə əlaqədar Özbəkistan dövləti və xalqı adından başsağlığı verib. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.

Həmçinin Özbəkistanın qardaş Azərbaycan ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib.

Ceyhun Bayramov baş sağlığına, ölkə və Azərbaycan xalqı üçün ağır bir gündə göstərilən dəsətəyə görə qardaş Özbəkistana təşəkkür edib.

Qəzanın baş verdiyi ilk dəqiqələrdən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradıldığı, Azərbaycanın müvafiq qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin qəza yerinə ezam olunduğu bildirilib, qəzanın fəsadlarının aradan qaldırılması, xəsarət alanlara yardım göstərilməsi üçün görülən tədbirlər barədə məlumat verilib.