Müqamət Əliyev: “Prezident İlham Əliyevin Qarabağa səfərləri və hərbi təlimləri izləməsi gənclərin vətənpərvərlik hisslərini gücləndirir.”

Muqamet Eliyev: “Prezident Ilham Eliyevin Qarabaga seferleri ve herbi telimleri izlemesi genclerin vetenperverlik hisslerini guclendirir.”

Güclü, qüdrətli və üstün döyüş qabiliyyətli milli ordumuzun varlığı gənclərdə böyük şövq yaradır.

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlik hisslərinin yüksədilməsi bu gün Azərbaycan dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biridir.

Təsadüfi deyil ki, bu istiqamət dövlət gənclər siyasəti və bu sahədə imzalanan fərman və sərəncamlarda öz əksini tapır. Sevindirici haldır ki, ölkədə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılması istiqamətində fəaliyyət göstərən əksər QHT və gənclər təşkilatları da aktiv rol oynayırlar. Belə təşkilatlardan biri də Gənc Vətənpərvərlər İctimai Birliyidir. 1999-cu ildən fəaliyyətə başlayan birliyin nizamnaməsinə uyğun olaraq gənclərin vətənpərvərlik ruhunun artırılması istiqamətində bir çox layihə və tədbirlər həyata keçirilmişdir və bu fəaliyyət hazırda da davam etdirilir. Xüsusilə, İctimai Birliyin sədri Müqamət Əliyevin bu sahədəki fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Müqamət Əliyev (Muğan) ilə söhbətimizdə gənclərimizin milli vətənpərvərlik ruhunun artırılması istiqamətində Gənc Vətənpərvərlər İctimai Birliyinin gördüyü işlər və mövcud vəziyyət barədə danışıb.

Müqamət Əliyev, bu gün Azərbaycan gənci nə dərəcədə vətənpərvərdir və gənclərimizin vətənpərvərliyi, fəallığı qaneedici sayıla bilərmi?

Azərbaycan gənci hər zaman vətənpərvər olmuşdur. Tarixin hər səhifəsində Azərbaycanın vətənpərvər gənclərinin imzası var. Həm keçən əsrin əvvəllərində ilk müstəqil demokratik dövlətimizi quranlar və üçrəngli bayrağımızı qaldıranlar arasında, həm də keçən əsrin sonlarında azadlıq uğrunda gedən mübarizədə vətənpərvər gənclərimiz ön sıralarda olmuşdur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 22 ildə həyata keçirdiyi güclü dövlət və güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyidir. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər olmuşdur. Bu müharibədə qələbə nəticəsində Prezident İlham Əliyev xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamışdır.

Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi olmuşdur. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canını qurban verən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Gənc Vətənpərvərlər İctimai Birliyinin hansı zərurətdən təsis olunduğunu qeyd edə bilərsiniz?

Vətən torpaqlarının müdafiəsində vətənpərvər gənclərimiz həmişə öz sözünü demişdir. Müstəqilliyə qovuşandan sonra həm Azərbaycanda, həm də xaricdə Azərbaycanın tanıdılması və səsinin dünyaya çatdırılması istiqamətlərində gənclər öz fəallığı ilə xüsusi seçilmişlər. Bununla yanaşı, gənclərdə vətənpərvərlik hisslərinin aşılanması, vətən sevgisinin və məsuliyyətlərinin artırılması üçün qeyri-hökumət təşkilatlarının, xüsusilə gənclər təşkilatlarının üzərinə böyük məsuliyyət düşür.

Rəhbərlik etdiyiniz Gənc Vətənpərvərlər İctimai Birliyi gənclərin milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin artırılması istiqamətində hansı layihələr həyata keçirir?

Uğurlu dövlət siyasətinin əsas göstəricilərindən biri gənclər siyasətidir. Təşkilatımız bir QHT olaraq daim dövlətin yanında olmağı və dövlətə dəstək verməyi qarşısına məqsəd qoymuşdur. Yarandığı gündən bəri yüksək mənəviyyata, əxlaqa və biliyə malik gənclərin yetişməsinə töhfə vermək üçün bir çox maarifləndirici işlər aparılmışdır. Misal üçün, 2 fevral Gənclər Gününə həsr olunmuş “Vətən sizi çağırır”, “Vətənin müdafiəsinə hazır ol”, “İşğal altında torpaqlarımızı azad edək” devizi altında MN hərbi orkestrlərinin iştirakı ilə Nizami muzeyinin qarşısında nümunəvi idman çıxışları və C. Naxçıvanski adına hərbi liseyin kursantları ilə yürüşlər təşkil olunmuşdur.

Möhtəşəm tədbirlərdə dövlətə bağlılığın əhəmiyyəti vurğulanmış, dövlətə və vətənpərvərliyə qarşı çıxan zərərli ideologiyaların gizli tərəfləri göstərilmişdir. Hər il QHT Dövlət Dəstəyi Agentliyinin, Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə keçirilən tədbirlərdə “Gənclərdə vətənpərvərlik ruhu”, “Narkomaniya və pis vərdişlərə qarşı mübarizə”, “Milli-mənəvi dəyərlərin rolu” kimi mövzular geniş şəkildə işıqlandırılır.

Gənclərin vətənpərvər ruhda yetişməsində böyük maneələrdən biri olan dini radikalizm və ayrı-seçkilik çağırışlarına qarşı mübarizədə də təşkilatımız aktivdir.

Qeyri-hökumət təşkilatları və gənclər təşkilatlarının rolu nə dərəcədədir?

Dövlətçiliyimizin keşiyində durmaq, suverenliyi və ərazi bütövlüyünü qorumaq hər bir vətəndaşın vəzifəsidir. Bu baxımdan gənclər təşkilatları dövlətə dəstək olan vətənpərvər gənclərin yetişdirilməsində mühüm rol oynayır. 1999-cu ildən Ədliyyə Nazirliyinin qeydiyyatından keçmiş Gənc Vətənpərvərlər İctimai Birliyi bu məqsəd üçün fəaliyyət göstərir.

2020-ci ilin 2-ci Qarabağ döyüşləri və 2023-cü ilin anti-terror əməliyyatlarında Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Bu uğurlar sayəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.

Gənclərimizi daha da vətənpərvər böyütmək üçün hansı addımlar atılmalıdır?

İlk növbədə, gənclərdə milli-mənəvi dəyərləri, həmrəyliyi və birliyi təmin etmək lazımdır. Ölkəyə layiqli vətəndaş və vətənpərvər gənclərin yetişdirilməsi üçün vahid və düzgün gənclər siyasəti olmalı, gənclərə göstərilən diqqət və qayğı daim dövlətin diqqət mərkəzində olmalıdır. 2015-2025-ci illər üçün Azərbaycan gənclərinin İnkişaf Strategiyası da bu istiqaməti hədəfləyir.

Ali Baş Komandanın səfərləri gənclərin vətənpərvərliyinə necə təsir edir?

Ali Baş Komandan, prezident İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, hərbi təlimləri izləməsi və əsgərlərlə görüşməsi gənclərdə şövqü artırır, özünə inamı gücləndirir. Azərbaycanın güclü və müasir ordusunun varlığı gənclərdə böyük ruh yüksəkliyi yaradır.

Bağçalarda və məktəblərdə uşaqlar kifayət qədər vətənpərvər böyüdülürmü?

Hər müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır. Şagirdlərə işğaldan azad olunmuş torpaqlar, qəhrəman döyüşçülər, qazilər və Qarabağ haqqında məlumat verilməli, milli ruh daim aşılanmalıdır.

2025-ci ildə Azərbaycan Respublikasının Gənclər Fondunun təqdim etdiyi “Gənclər arasında Konstitusiya və Suverenlik İli” layihəsi də gənclərin dövlətçilik və vətənpərvərlik dəyərlərinin təşviqi məqsədini daşıyır. Layihə 3 ay müddətində Bakı şəhərində və müxtəlif təhsil və idman müəssisələrində təşkil olunacaq.

Vətənpərvərlik hisslərinin aşılanması davamlı olmalıdır.

Hərbi dərs saatları artırılmalı, müəllimlərin psixoloji durumları yoxlanılmalı, müasir standartlara cavab verən silah plakatları və hərbi sinif otaqları formalaşdırılmalıdır. Müşahidələr göstərir ki, məsul şəxslər vəzifələrinə vicdanla yanaşırlar, lakin daim öz üzərlərində işləməlidirlər.

 


Gənc Vətənpərvərlər “İctimai Birliyin” Sədri, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yanında İctimai  Şuranın üzvü  
Müqamət Süleyman oğlu Əliyev (Muğan)

 
 
 
 

Paylaş