Bakıda Üzeyir Hacıbəyli və litvalı bəstəkarın şərəfinə konsert keçiriləcək

Bakıda oktyabrın 10-da Litva səfirliyinin təşkilatçılığı ilə iki görkəmli bəstəkarın - Üzeyir Hacıbəylinin və Mikaloyus Konstantinas Çyurlyonisin (Mikalojus Konstantinas Čiurlionis) əsərlərinin səsləndiriləcəyi konsert keçiriləcək.
Bu barədə Zeferinfo.az-a Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus (Kęstutis Vaškelevičius) bildirib.
Konsert litvalı dirijor Vilmantas Kalyunasın (Vilmantas Kaliūnas) rəhbərliyi altında Azərbaycan Filarmoniya Orkestrinin ifasında keçiriləcək.
"Bu ilin sentyabrında iki görkəmli bəstəkarın - Üzeyir Hacıbəylinin 140 illiyini və Mikaloyus Konstantinas Çyurlyonisin (Mikalojus Konstantinas Čiurlionis) 150 illiyini qeyd etdik", - diplomat bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan və Litva arasında mədəniyyət sahəsində əməkdaşlıq əhəmiyyətli olaraq qalır:
"Ümumiyyətlə, mədəniyyət sahəsində əməkdaşlıq potensialı böyükdür və hər iki tərəfdən maraq müşahidə olunur. Məsələn, bu yay Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, həmçinin folklor festivalında iştirak etmək üçün Azərbaycanın "Vatan Music Group" qrupu Vilnüsə səfər edib. Kollektiv beynəlxalq iştirakçılar arasında iki əsas mükafat qazanıb. Bu isə Litvanın Azərbaycan mədəniyyətinə marağını və mədəni mübadilənin dəyərini nümayiş etdirir".
Diplomat qeyd edib ki, mədəniyyət sahəsində əməkdaşlığın ən güclü tərəflərindən biri müəssisələr və ayrı-ayrı incəsənət xadimləri arasında birbaşa əlaqələrdir.
"Ölkələrimizin milli filarmoniyaları arasında əməkdaşlıq haqqında saziş mövcuddur. Onlar demək olar ki, hər il görüşlər təşkil edirlər. Sənətkarlar arasında birbaşa qarşılıqlı əlaqənin baş verməsi mədəniyyət sahəsində əməkdaşlığımızın potensialının ən parlaq göstəricilərindən biridir. Artıq indi biz sənətkarlarımız və mədəniyyət qurumlarımız arasında uğurlu və məhsuldar mübadilənin şahidi oluruq", - o vurğulayıb.