Bakıda Ukrayna Kino Günləri keçirilir
Bakıda "Ukrayna mədəniyyətinin yeni üfüqləri" layihəsi çərçivəsində Ukrayna Kino Günləri keçirilir.
Zeferinfo.az xəbər verir ki, dekabrın 1-dək davam edəcək tədbir çərçivəsində səkkiz film nümayiş olunacaq.
Tədbirin xüsusi qonaqları ukraynalı aktyor və rejissor Ahtem Seitablayev, həmçinin Ukrayna Kinematoqrafçılar Milli İttifaqının sədri Sergey Borodenyuk olub.
Rəsmi açılış mərasimində Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev çıxış edib: "Biz Ukrayna kinematoqrafiyasının müharibə şəraitində necə inkişaf etdiyini nümayiş etdirməyə şadıq".
Y.Qusev, həmçinin qeyd edib ki, bu yaxınlarda Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçirilib, buna görə də Azərbaycanda Ukrayna Kino Günlərinin keçirilməsi ölkələr arasında mədəni körpülər qurmağa imkan verir.
Eyni zamanda, səfir Azərbaycana Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirib.
Açılış çərçivəsində azərbaycanlı aktyor Novruz Paşayevin Ukrayna kinematoqrafiyasının ən yüksək mükafatı olan "Qızıl Yula" ilə təltif edilməsi mərasimi keçirilib.