Bakıda Türk dünyasının ortaq gələcək və fəaliyyəti müzakirə olunub

Bakida Turk dunyasinin ortaq gelecek ve fealiyyeti muzakire olunub

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə bütün türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrdə ortaq ideya, ideal, gələcək və ortaq fəaliyyəti müzakirə olunduğu panel toplantı keçirilib.
Zeferinfo.az xəbər verir ki,  Heydər Əliyev Mərkəzində təşkil edilən  toplantıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından nümayəndələr iştirak ediblər.

Toplantıdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

Tədbirin şüarı Türk ziyalısı İsmayıl Qaspıralının Türk dünyasının ortaq kimliyini özündə əks etdirən “Dildə, fikirdə, işdə birlik” ifadəsi olub.
Panel iclasdan əvvəl vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və media nümayəndələri ilə iki ayrı dəyirmi masa görüşü təşkil edilib. 
Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir  tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib. 
O, bildirib ki, paneldən əvvəl Türkiyə və Azərbaycanın ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Səfirliyin əməkdaşı bildirib ki, Türk dünyasının birliyi sayəsində qarşısının alınması mümkün olmayan problem yoxdur.
Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib: 
"Bu gün Türk dünyası xəyal deyil, reallıqdır. Biz gücümüzü, bərabərliyimizi və vəhdətimizi qoruyub bu reallıqla yaşamalıyıq. Bu gün Türk Dünyası ölkələrinin bir-biri ilə ortaq layihələr həyata keçirməsi gücümüzə güc qatır. Turana gedən yol Türk dünyası ölkələrinin həmrəyliyindən keçir. Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi fəaliyyət göstərdiyi 4 il ərzində Türk dünyasının Qeyri-hökumət təşkilatları ilə müxtəlif layihələr həyata keçirilib. COP29 günlərində də Türk dünyası ölkələri "yaşıl zonada" aktiv şəkildə fəaliyyət göstərdi". 
Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün çıxışında qeyd edib ki,   birliyimizi gələcəyə daşıyacaq ortaq ideya, dəyər və fəaliyyətə ehtiyac vardır və bu istiqamətdə birgə çalışmalıyıq. 
Bildirib ki, bu gün birliyimiz, həmrəyliyimiz çox vacibdir.
Səfir vurğulayıb ki, Türk dünyası ortaq hədəflərə doğru inamla irəliıəyir və regionda, dünyada sülhü, sabitliyi dəstəkləməkdə davam edir. 
"Türkiyə və Azərbaycan qlobal problemlərin həllinə dəstək verməyə hər zaman hazırdır və bu siyasəti uğurla davam etdirir", -deyə o diqqətə çatdırıb.

Tədbirdə Türkiyə Prezidenti Administrasiyasının  Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun toplantı iştirakçılarıma videomüraciəti də təqdim edilib. 
Toplantı Türk dünyasının  ortaq ideya, ideal, gələcək və ortaq fəaliyyəti  ilə bağlı panel müzakirələrlə davam edib.
Qeyd edək ki, hər il may ayının 3-ü Türk dünyasında Türk Dünyasının Həmrəyliyi Günü kimi qəbul edilib. 
Azərbaycanda Türkçülük Günü 1992-ci ilin may ayından qeyd olunur.