Bakıda rifah və tibbi turizmin gələcək perspektivlərinə dair konfrans keçirilir

Bakida rifah ve tibbi turizmin gelecek perspektivlerine dair konfrans kecirilir

Oktyabrın 15-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Baklda “Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda dövlət qurumlarının nümayəndələri, sahə üzrə yerli ekspertlər, sanatoriya, tibbi və rifah mərkəzlərindən nümayəndələr, o cümlədən Türkiyə, Macarıstan, Tayland, Böyük Britaniya, Çin, Almaniya kimi ölkələrdən mütəxəssislər olmaqla, ümumilikdə 250 nümayəndənin iştirakı ilə rifah və tibbi turizmin inkişaf perspektivləri, həmçinin beynəlxalq əməkdaşlıq imkanlar barədə müzakirələr aparılıb.

Konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova sağlamlıq turizmi sahəsində Agentlik tərəfindən görülən işlər, ölkədə sağlamlıq turizmi üzrə mövcud potensial, onun inkişaf etdirilməsi istiqamətlərindən bəhs edib.
Azadə Hüseynova sağlamlıq turizminin təməl iki istiqaməti olan tibb və rifah turizminin inkişafında dövlət dəstəyinin, ölkə rəhbərliyinin diqqətini vurğulayaraq, sahənin genişlənməsi üçün maraqlı tərəflərin iştirakçılığının təşviq edilməsinin vacibliyini qeyd edib.

O, qarşıdakı illər ərzində sağlamlıq turizmi üzrə idarəetmə çərçivəsinin inkişaf etdirilməsi, sahə üzrə tənzimləmə potensialının artırılması, ölkənin tibbi turizm potensialının təbliğ edilməsi və əlçatanlığın artırılması üzrə prioritet istiqamətlərin müəyyənləşdirildiyini bildirib.

2 gün davam edəcək konfrans çərçivəsində sağlamlıq və rifah turizmi sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin sərgisi təşkil edilib.

Sərgidə 40-a yaxın yerli sanatoriya, kurort, tibbi reabilitasiya və spa mərkəzləri, xəstəxana və klinikalar, eləcə də beynəlxalq tərəfdaş şirkətlərin xidmət və məhsulları nümayiş olunub.

Tədbir müddətində iştirakçılar arasında B2B formatında görüşlər keçirilib və birgə əməkdaşlıq imkanları müzakirə olunub.

Konfransda “Qlobal rifah tendensiyalarının inteqrasiyası: Azərbaycanda rəqabətcil rifah turizmi modelinin qurulması” və “Azərbaycanda tibbi turizmin inkişaf yolu: Beynəlxalq standartlar, sertifikatlaşdırma və strateji tərəfdaşlıqlar” adlı iki panel sessiya keçirilib.

Panel sessiyalarda Azərbaycanda rifah turizmi modelinin formalaşdırılması, beynəlxalq təcrübələrin inteqrasiyası, bu sahədə rəqabət qabiliyyətinin artırılması, spa və termal terapiya standartlarının, destinasiya sertifikatlaşdırılmasının, kadr hazırlığının təmin edilməsi, eləcə də ölkəmizdə tibbi turizmin gələcək inkişaf istiqamətləri, beynəlxalq akkreditasiya, səhiyyə ilə turizm sektorları arasında səmərəli əməkdaşlıq mexanizmləri, tibbi turizm sektorunda institusional potensialın gücləndirilməsi, etik tibbi təcrübələrin və dayanıqlı inkişafın təmin edilməsi üzrə yeni yanaşmalar haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, bundan öncə 2024-cü ilin 28-29 oktyabr tarixlərində Şuşa şəhərində sağlamlıq turizmi üzrə ilk konfrans təşkil edilib.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8