Bu gün Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunan “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Zeferinfo.az xəbər verir ki, tədbirdə öncə Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə bağlı qısametrajlı sənədli film nümayiş etdirilib.
Konfransı giriş nitqi ilə açan Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Şuranın 20 illik fəaliyyətinə nəzər salaraq, qurumun təsis edilməsinin ədalət mühakiməsinin keyfiyyətli həyata keçirilməsinə mühüm töhfə verdiyini qeyd edib.
Bildirilib ki, yeni islahatlar çərçivəsində məhkəmə hakimiyyətinin müstəqilliyi gücləndirilib, Məhkəmə-Hüquq Şurasının statusu və tərkibi beynəlxalq standartlara uyğunlaşdırılıb. Həmçinin hakimlərin seçimi, təyinatı və vəzifədə irəli çəkilməsi sahəsində şəffaflıq və çeviklik prinsipləri əsasında mühüm yeniliklər həyata keçirilib. Məhkəmə islahatlarının davamlılığı, hakimlərin peşəkarlığının artırılması və rəqəmsal transformasiyanın genişləndirilməsinin gələcək fəaliyyətin əsas prioritetlərini təşkil etdiyi vurğulanıb.
Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək bildirib ki, 2005-ci ildə Məhkəmə-Hüquq Şurasının formalaşdırılması ilə ölkəmizdə məhkəmə hakimiyyətinin inkişafı, onun idarə olunmasının institusional əsaslar üzərində qurulması yeni mərhələyə qədəm qoyub. Geniş hüquq islahatları çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyəti daha da gücləndirilib, məhkəmə sistemində səmərəli tənzimləmə mexanizmləri tətbiq olunub.
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov çıxışında qeyd edib ki, 20 il ərzində Məhkəmə-Hüquq Şurası uğurlu və şərəfli yol keçib. Şura və onun əməkdaşlarının gərgin fəaliyyəti nəticəsində Azərbaycanda müasir, savadlı və vicdanlı hakim korpusu formalaşdırılıb. Qeyd edilib ki, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması qanunçuluq, obyektivlik və qərəzsizlik prinsipləri ilə sıx bağlıdır. Məhkəmə icraatının effektivliyinin yüksəldilməsi isə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə prosedurlarının səmərəli və effektiv keçirilməsi, qərarların aydın və ağlabatanlığı ilə dəyərləndirilir. Bu gün sadalanan həmin tələblərə cavab verən hakim korpusunun formalaşdırılması vəzifəsi yalnız Məhkəmə-Hüquq Şurasının çiyinlərinə düşür.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycanda məhkəmə sistemində çox işlər görülüb. Qeyd edilib ki, məhkəmələrdə qərarlar qanunun tam ciddiyyəti ilə qəbul olunur. Bununla yanaşı, Azərbaycanda məhkəmə fəaliyyətinin tam yüksək səviyyədə həyata keçirilməsi üçün normal şəraitin yaradılması da olduqca vacib məsələdir. Məhkəmə sahəsində səmərəliliyin bundan sonra da artırılacağı qeyd edilib.
Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov çıxışında bildirib ki, Prezident İlham Əliyev Respublika Prezidenti seçiləndən sonra verdiyi ilk tapşırıqlarından biri məhz məhkəmə sisteminin daha da müasirləşdirilməsi ilə bağlı olub. Bununla əlaqədar müvafiq konsepsiya hazırlanıb və məhkəmə sisteminin mütərəqqi beynəlxalq təcrübə nəzərə alınaraq mükəmməl olması üçün nüfuzlu xarici ekspertlər işə cəlb olunub. Beləliklə, qısa müddətdə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi tam müstəqil qurum olan Məhkəmə-Hüquq Şurası təsis olunub, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə əsaslı dəyişikliklər edilib.
Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze isə çıxışında Gürcüstan məhkəmə sistemi adından təbriklərini çatdıraraq qeyd edib ki, Məhkəmə-Hüquq Şurasının yaradılması Azərbaycanın hüquqi islahatlar tarixində mühüm mərhələ olub. Vurğulanıb ki, məhkəmə şuraları müstəqil qurumlar kimi məhkəmə sisteminin idarə olunmasında əsas rol oynayırlar. Onların vəzifəsi yalnız təyinatlar, yüksəlişlər və intizam məsələlərini nəzarətdə saxlamaq deyil, eyni zamanda məhkəmələri xarici təsirlərdən qorumaqdır.
Konfransda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə, həmçinin məhkəmə sahəsində islahatlara verdiyi töhfəyə görə Şuranın sabiq sədri, Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Daha sonra “Məhkəmə idarəetməsində qlobal çağırışlar və müasir beynəlxalq həllər”, “Hakim korpusunun komplektləşdirilməsi” və digər mövzularda panel müzakirələr təşkil edilib.