Bu gün Bakıda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda “Kibernetika və informatikanın problemləri” (PCI 2025) mövzusunda VI beynəlxalq konfrans öz işinə start verib.
Zeferinfo.az xəbər verir ki, üç gün davam edəcək tədbir 28 avqustda başa çatacaq.
Konfransın məqsədi süni intellekt, idarəetmə sistemləri, siqnal emalı, optimallaşdırma və görüntülərin tanınması sahələrində son elmi nailiyyətləri müzakirə etmək, qabaqcıl tədqiqatları təqdim etmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Hibrid formatda keçirilən konfransda Türkiyə, ABŞ, Polşa, Fransa, Belçika, Gürcüstan, Almaniya, Avstraliya, Rusiya, Ukrayna, Estoniya, İsveçrə, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Yaponiya və digər ölkələrin aparıcı alimlərinin iştirakı gözlənilir.
İlk gündən plenar və bölmə iclasları ilə davam edən konfransın müzakirə mövzuları isə bunlardır:
• Optimallaşdırma və optimal idarəetmə;
• Riyazi modelləşdirmə, parametrik identifikasiya və tərs məsələlər;
• Ədədi üsullar və hesablama texnologiyaları;
• Texniki və sosial-iqtisadi sistemlərdə qərarların qəbulu;
• Neft və qaz hasilatı, emalı, nəqli proseslərinin modelləşdirilməsi və idarə edilməsi;
• İntellektual sistemlər və qərarların qəbulu;
• Nümunələrin tanınması üsulları və sistemləri;
• Stokastik və qeyri-səlis qərar qəbuletmə modelləri.
Konfransda yerli və 30-dan çox müxtəlif ölkədən beynəlxalq elm ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Azərbaycan İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Prof. Əli Abbasov, AMEA-nın vitse-prezidenti, Azərbaycan İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Prof. Rasim Əliquliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin icraçı rektoru Prof. Əminağa Sadıqov, Prof. Boris Morduxoviç (Ueyn Dövlət Universiteti, ABŞ), Prof. Örkən Mamırbayev (İnformasiya və Hesablama Texnologiyaları İnstitutu, Qazaxıstan), Dr. Abzetdin Adamov (IEEE, ABŞ) iştirak edirlər.
Qeyd edək ki, 2006-cı ildən etibarən Bakı şəhərində silsiləvi şəkildə keçirilən beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək kibernetika və informatika sahələrində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir.