Bu gün Bakıda IV Aqrobiznesin İnkişafı Forumu start götürüb.
Zeferinfo.az xəbər verir ki, forumda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi açılış nitqi söyləyəcəklər.
Daha sonra Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, AQTA-nın sədr müavini Balarəhim Quliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov Azərbaycanda Aqrobiznesin İnkişafına Baxış mövzusunda çıxış edəcəklər.
Forumda Azərbaycanın aqrobiznes sektorunda əsas tendensiyalar, çağırışlar və imkanlar, Maliyyə Təşviqləri və Aqro-Maliyyələşmə Həlləri, Aqrobiznesin İnkişafı üçün Subsidiya Mexanizmlərinin Təkmilləşdirilməsi mövzularında müzakirələrin aparılması nəzərdə tutulur.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək bildirib ki, Dövlət olaraq kənd təsərrüfatında fəaliyyət göstərən bütün subyektləri, yəni kiçik ailə təsərrüfatlarından tutmuş iri aqroparklaradək dəstəkləmək bizim strateji prioritetimizdir.
"Dövlət tərəfindən həyata keçirilən subsidiya siyasəti çərçivəsində, biz fermerlərə göstərilən dəstəyi davamlı və sistemli şəkildə icra edirik. 2023-cü ildə 387,340 fermerə 352 milyon manat, 2024-cü ildə isə 380,704 fermerə 362,5 milyon manat məbləğində subsidiyalar ödənilib. Bu, yalnız rəqəm deyil, bu, kəndin həyatına, ailələrin rifahına, məhsuldarlığın artımına verilmiş dəstəkdir.
Eyni zamanda, fermerlərimizin texnika və damazlıq heyvanlarla təminatı sahəsində də dövlətimiz onların yanındadır. Ötən il ərzində 6,477 texnika üçün 83,9 milyon manat, bu il isə 9,107 texnika üçün 80,8 milyon manat güzəşt ayrılıb. Həmçinin, 2024-cü ildə 5,830 baş damazlıq heyvan üzrə 17,4 milyon manat güzəşt təqdim olunub. Bu maliyyə təşviqləri həm yerli istehsalın stimullaşdırılmasına, həm də iqlim risklərinə dayanıqlı təsərrüfatların qurulmasına xidmət edir".
O vurğulayıb ki, növbəti günlərdə ölkəmizdə 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi keçiriləcək.
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev isə bildirib ki, əhalinin ərzağa olan artan tələbatı bu resurslara olan təzyiqi daha da gücləndirir.
"Kənd təsərrüfatı iqlimə birbaşa bağlı olduğundan, iqlim dəyişikliklərinə ən həssas sahələrdən biridir. Son illər bu dəyişikliklərin mənfi təsirləri kənd təsərrüfatında ciddi çətinliklər yaradır. Artan quraqlıqlar, torpağın şoranlaşması və ekstremal hava hadisələri məhsuldarlığı azaldaraq qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərir", - M.Babayev qeyd edib.
"Artıq dünyada daha intensiv istilik dalğaları, güclü tufanlar və dağıdıcı daşqınlar müşahidə olunur. Əgər 1970-ci illərdə ildə təxminən 100 fəlakət baş verirdisə, bu gün bu rəqəm 400-ə qədər artıb. Bu isə ərzaq təhlükəsizliyini təhdid edir və kənd təsərrüfatının dayanıqlığını zəiflədir", - deyə M.Babayev vurğulayıb.
Xəbər yenilənəcək