Bakıda Beynəlxalq Xalça Forumunun açılışı olub

Bakida Beynelxalq Xalca Forumunun acilisi olub

Bakının biznes-mərkəzində xalçaçılıq sənayesinin aparıcı mütəxəssisləri, dizaynerləri, istehsalçıları və araşdırmaçılarını bir araya gətirən Beynəlxalq Xalça Forumunun açılışı olub.

Zeferinfo.az xəbər verir ki, forum 2-4 may tarixlərində keçirilən Beynəlxalq Xalça Festivalı çərçivəsində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC tərəfindən təşkil olunub.

Forumda çıxış edənlər arasında “Azərxalça” ASC-nin Müşahidə Şurasının sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı yer alır.

Forumun proqramına plenar sessiyalar, tematik panel müzakirələri, B2B görüşlər, eləcə də Azərbaycan, Gürcüstan, Latviya, Türkmənistan, Yaponiya, Qırğızıstan, Rumıniya, Böyük Britaniya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan nümayəndələrinin iştirakı ilə gənc alimlər üçün xüsusi bölmələr daxildir. Festival 3-4 may tarixlərində İçərişəhərin tarixi küçələrində davam edəcək. Qədim karvansaralar və meydanlarda xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqi tədbirləri keçiriləcək. Dünyanın müxtəlif ölkələrinin nümayəndələri öz xalçaçılıq ənənələrini nümayiş etdirəcək, iştirakçı ölkələrin milli pavilyonları fəaliyyət göstərəcək. Eyni zamanda, incəsənət ustaları – Eldar Mikayılzadə, Aydan Salahova, Samirə Allahverdiyeva, Faiq Əhməd və digərlərinin sərgiləri, müxtəlif rəngarəng və interaktiv performanslar təşkil olunacaq.

Festivalın əsas məqsədi, Azərbaycanın xalçaçılıq sənətinin dünya səviyyəsində populyarlaşdırılması, onun zəngin irsinin və gələcək inkişaf perspektivlərinin nümayişi, eləcə də dünyanın xalçaçılıq sənətkarları ilə bu sahə üzrə təcrübə və bacarıqların mübadiləsidir.

Qeyd edək ki, festival “İçərişəhər”in UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsinin 25 illiyinə və Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının 15 illiyinə təsadüf edir.

Festival haqda daha ətraflı bu saytdan məlumat ala bilərsiniz: https://bakucarpetfest.az/