"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisi 297 min manat ziyanı ödəyib, ona şərti cəza istənilib

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Zeferinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyevin dəymiş ziyandan 297 892 min manatı da son gündə ödədiyi məlum olub. Daha öncə ödədiyi məbləğlə birgə o, 397 892 min manatlıq ziyanı tam ödəmiş hesab olunub.
İşə baxan dövlət ittihamçısı səhhətindəki problemlə əlaqədar prosesdə iştirak edə bilməyib. Onu əvəz edən digər dövlət ittihamçısı çıxış edərək Çingiz Mehdiyevin ziyanı ödəməsinin də nəzərə alınmasını və ona 3 il sınaq müddəti seçilməklə şərti cəza verilməsini təklif edib.
Proses martın 17-dək təxirə salınıb.
Xatırladaq ki, bundan öncəki proseslərdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.
Qeyd edək ki, Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb. İttihama görə, Ç. Mehdiyev, Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib.
Həmçinin o, özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.
İstintaqla Ç.Mehdiyevin ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb.
Qeyd olunan əməllərə görə, Ç.Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.
İstintaq dövründə Ç.Mehdiyev 100 min manatı dövlət büdcəsinə ödəyib.