Bakı metrosu COP29-un ilk günlərində 1 saat tez işə başlayacaq
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də gücləndirilmiş iş rejiminin xüsusiyyətlərinə dəyişiklik ediləcək.
Zeferinfo.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov mətbuat üçün keçirilən brifinqdə deyib.
Rəis müavini qeyd edib ki, tədbir dövründə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının ənənəvi növbətçilik cədvəlindən əlavə olaraq, stansiyalar və sahələr üzrə təhkim olunmuş əlavə işçi qüvvəsi ayrılacaq.
Onun sözlərinə görə, COP29 Əməliyyat Şirkətinin müraciətinə əsasən, noyabrın 11-13-də Bakı metropoliteninin stansiyaları səhər saat 05:00-dan sərnişinlərin girişinə açıq olacaq: “Bununla yanaşı, həmin günlər ölkəmizdə qeyri-iş günü elan edilsə də, Bakı metrosunda qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq. Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-dək, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Qeyd edək ki, bu, Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə adi iş günlərində tətbiq olunan mümkün ən optimal hərəkət qrafikidir. “Həzi Aslanov-28 May” sahəsində interval günorta vaxtı 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru 3 dəqiqə və daha çox təşkil edəcək. İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək: saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək".
H.Məmmədov əlavə edib ki, Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar “Avtovağzal-8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən-Avtovağzal” yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib. “Bakmil” stansiyasına və əksinə isə qatarların hərəkət cədvəlləri noyabr ayının 11-13-də iş günləri qrafikinə uyğun tənzimlənəcək.
COP29-un keçiriləcəyi digər günlər ərzində metroda qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək.