Bakı Limanında ötən il 8 milyon tona yaxın yük aşırılıb
Zeferinfo.az bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir.
Hesabat dövründə ayrı-ayrı sahələr üzrə ən böyük artımlardan biri Bakı Limanında aşırılan konteynerlərin sayında qeydə alınıb. Təkcə ötən il Bakı Limanında 76,775 TEU ekvivaletində konteyner aşırılıb ki, bu da əvvəlki ilə nisbətən 73 % çoxdur.
2024-cü ildə Bakı Limanında qəbul edilən və yol salınan təkərli texinakaların sayı isə 58 169 ədəd olub ki, bu da 2023-cü illə müqayisədə 7,2 % artım deməkdir.
Eyni zamanda ötən il limanda aşırılan quru yükün həcmi 1 milyon 44 min tondan çox, vaqon sayı isə 37 515 ədəddən çox olub ki, bu göstəricilər də bir il əvvəlki illə müqayisədə artımdan xəbər verir.
Ümumi yükaşırmanın 5,3 milyon tondan çox hissəsi yəni 70 %-i tranzit yüklərin payına düşür. Bu göstərici də üçüncü ölkələrin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə, xüsusən Orta Dəhlizə olan marağının nəticəsidir.
Ölkədən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə və regionun ən müasir logistika mərkəzi və limanı olan Bakı Limanına günü-gündən artan marağı, eyni zamanda sürətlə inkişaf edən infrastruktur və logistik əməliyyat imkanlarını nəzərə alaraq demək olar ki, cari ildə də müsbət statistik tendensiya davam etdiriləcək.