Bakı Bələdiyyə Teatrı DSX-nın Sahil Mühafizəsində tamaşa təqdim edib

Baki Belediyye Teatri DSX-nin Sahil Muhafizesinde tamasa teqdim edib
 

Bakı Bələdiyyə Teatrı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində Zəfər Günü münasibətilə tamaşa ilə çıxış edib.

 

Zəfərinfo.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə çıxış edən Müzəffər Pirizadə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin şəxsi heyətə ünvanlanan təbrik məktubunu oxuyaraq, Azərbaycan Ordusunun keçdiyi şərəfli tarixi yoldan söz açıb.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ordu quruculuğu ilə bağlı xidmətlərini vurğulayıb. Qeyd edib ki, üzərindən dörd il keçməsinə baxmayaraq, Zəfər Günü ərəfəsində xalqımız bir daha o unudulmaz, qürur dolu günlərə qayıdır. O, ölkəmizin işğaldan azad edilmiş ərazilərinə vətəndaşlarımızın geri döndüyünü, doğma yurdlarına yenidən qovuşduğunu bildirərək, Qarabağın çiçəklənməsi istiqamətində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən söz açıb.

 

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şuşa şəhərinin azad edilməsinin dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil olduğunu qeyd edib.

 

Daha sonra tədbir iştirakçılarına Bakı Bələdiyyə Teatrının kollektivi tərəfindən 1905-ci ildən bu günə kimi zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımlarla bağlı həqiqətləri özündə əks etdirən “Unutqanlıq qorxunc bəladır” adlı tamaşa təqdim olunub.

 

Səhnə əsərinin nümayişindən sonra Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən Bakı Bələdiyyə Teatrının kollektivi fəxri fərmanla təltif edilib.