"Azərkosmos": İqlim dəyişikliklərinin aşkarlanması üçün hazırıq

"Azerkosmos": Iqlim deyisikliklerinin askarlanmasi ucun haziriq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") iqlim dəyişikliklərinin aşkarlanması və yaxud hər hansı fövqəladə vəziyyətdə kömək üçün istənilən kiçik ada dövlətinin geoməkanının təhlil edilməsi üçün hazırdır.

Zeferinfo.az xəbər verir ki, bunu qurumun Coğrafi İnformasiya Sistemləri Tematik Emal Bölməsinin rəhbəri Murad Camalov COP29 çərçivəsində təşkil olunmuş “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri” mövzusunda panel sessiyasında bildirib.

"Qafqazda, xüsusilə Azərbaycanda layihə üzərində işləyərkən buluda bağlı problemimiz olmayıb. Lakin kiçik ada ölkələrinə yaxınlaşdıqda bulud örtüyü görüntülərdə problem yaradıb. Ancaq süni intellekt və "Cloud" hesablama kimi qabaqcıl texnologiyaların köməyi ilə məkan məlumatlarını asanlıqla tapa bildik. Əvvəlcə çox çətin idi, amma məkan məlumatlarını təhlil etmək üçün çox yaxşı alətlərimiz və fantastik komandamız var" - deyə o qeyd edib.

M.Camalovun sözlərinə görə, azı 14 Dayanılqlı İnkişaf Məqsədi (DİM) əsasən geoməkan məlumatlarından asılıdır: "Düşünürəm ki, məkan məlumatları, xüsusilə peyk monitorinqi olmadan, çox qısa müddətdə fövqəladə vəziyyətləri təhlil etmək mümkün deyil. Məsələn, 6 ay ərzində Papua-Yeni Qvineyanın bütün meşə ərazilərini təhlil etdik ki, bu da həmin iş üçün çox yaxşı müddətdir. Biz aclıq, daşqın təhlükələri və ya digər təhlükəli məsələlər kimi DİM-lərlə bağlı problemləri həll etməyi hədəfləyirik".