"Azərkosmos" BƏƏ şirkəti ilə yeni əməkdaşlıq müqaviləsi imzalayıb

Zeferinfo.az bu barədə "Azərkosmos"a istinadən xəbər verir.
Məlumata görə, sənədə qurumun iştirak etdiyi, Niderlandın paytaxtı Amsterdamda keçirilmiş dünyanın ən iri media, peyk və yayım texnologiyaları sərgi-konfranslarından biri olan "IBC 2025"də imza atılıb.
Müqaviləyə əsasən, Pakistan ərazisində televiziya yayımı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində video yayımı (video distribution) xidmətləri "Azərkosmos"un peyk resursları vasitəsilə təmin olunacaq.
Bu əməkdaşlıq regionda etibarlı yayım infrastrukturunun inkişafına töhfə verməklə yanaşı, Azərkosmosun beynəlxalq tərəfdaşlıq portfelinin daha da genişlənməsinə xidmət edəcək.
Peyk xidmətləri, texnologiya, innovasiya və yayım sahələrini əhatə edən IBC 2025 - beynəlxalq platformasında 170 ölkədən 50 mindən çox nümayəndə iştirak edib. "Azərkosmos" da bu nüfuzlu tədbirdə iştirak edərək öz məhsul və xidmətlərini təqdim edib.
Sərgi iştirakçılarına "Azərkosmos"un Afrika regionunda 10 illik fəaliyyəti, eləcə də yüksək sürətli və etibarlı rabitə imkanları təqdim edən "Azconnexus" məhsulu haqqında ətraflı məlumat verilib.
Tədbir çərçivəsində "Azərkosmos"un nümayəndələri müxtəlif ölkələrdən olan sənaye tərəfdaşları ilə bir sıra ikitərəfli biznes görüşləri və işgüzar müzakirələr keçirib. Bu görüşlər peyk və yayım texnologiyaları sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində yeni imkanlar yaradıb.