“AzerGold” QSC-nin qızıl və gümüş sikkə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayiş olunub

“AzerGold” QSC-nin qizil ve gumus sikke kolleksiyalari Isvecrede  novbeti defe numayis olunub

“AzerGold” QSC-nin qızıl və gümüş sikkə, eləcə də qızıl külçə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayişə çıxarılıb.

Qiymətli məhsullar İsveçrənin Sankt-Moritz şəhərində keçirilən qar polosu üzrə 40-cı dünya kuboku çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gətirilmiş Azərbaycan pavilyonunda sərgilənib.

Milli pavilyonda qonaqlar üçün Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” nəşrindəki foto və videomateriallar, eləcə də qədim çövkən oyununa dair müxtəlif nümayişlər, ölkəmizin müxtəlif milli brendlərinə məxsus məhsullar, Azərbaycanın görməli yerlərinə virtual səyahət imkanları təqdim edilib.

Azərbaycan qızılı və gümüşündən istehsal edilmiş sikkə və külçələr beynəlxalq sərgi iştirakçılarının böyük maraq göstərdiyi məhsullar sırasında olub. Pavilyonu ziyarət edənlərə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında 3D formatında ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” unikal qızıl sikkəsi, Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, yeni nəsil “Bakı” gümüş sikkəsi, eləcə də Qarabağ kolleksiyasına aid qiymətli məhsullar daxil olmaqla, Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən məhsullar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, sərgi 24-26 yanvar tarixlərində keçirilib.