“AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib

“AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfər edib.
Səfər iki ölkə arasında dağ-mədən sahəsində əlaqələrin möhkəmləndirilməsi, geoloji kəşfiyyat, hasilat, qiymətli metalların emalı, laborator tədqiqi sahəsində təcrübə mübadiləsinin aparılması məqsədilə həyata keçirilib.
Səfər çərçivəsində “AzerGold” QSC-nin nümayəndələri Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsində (MTA – Maden Teknik Arama Genel Müdürlüğü) olublar. Ziyarət zamanı tərəflər arasında mövcud əlaqələrin gücləndirilməsi, innovasiya və texnoloji yeniliklərin öyrənilməsi, ortaq layihələrin idarə olunması istiqamətində səmərəli və faydalı müzakirələr aparılıb. Həmçinin 2022-ci ildə Bakıda təşkil edilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində iki ölkə hökumətləri arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Sazişin imzalandığı xatırladılıb. Sözügedən forum çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “AzerGold” QSC, MTA Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində dördtərəfli Anlaşma Memorandumunun imzalandığı qeyd edilib. Bu sənədlərdən irəli gələn məsələlərin həlli, birgə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı səfərlərin təşkil edildiyi, təmasların daha da intensivləşdirildiyi məmnunluqla vurğulanıb.
Daha sonra beynəlxalq nüfuzlu “Bureau Veritas” şirkətinin Ankara şəhərində yerləşən sınaq laboratoriyasını ziyarət edən nümayəndə heyəti müəssisənin fəaliyyəti, tətbiq olunan texnologiya və avadanlıqlarla yaxından tanış olub, laborator analiz proseslərinin qiymətləndirilməsi, bu sahədə qabaqcıl texnologiyaların öyrənilməsi məqsədilə fikir mübadiləsi aparıb.
Səfər çərçivəsində, həmçinin dağ-mədən sahəsində mühəndis həlləri, təlim, proqram təminatı və avadanlıq xidmətləri təqdim edən “Mine & Process Engineering Solutions” şirkətinin Ankara şəhərində yerləşən emalatxanası ilə tanışlıq olub. Tərəflər birgə əməkdaşlıq imkanlarını müzakirə edib, xüsusilə əlvan metalların emalı sahəsində Türkiyədə tətbiq edilən qabaqcıl texnologiyalar haqqında danışıblar.
Qeyd edək ki, ölkəmizin dağ-mədən sənayesini beynəlxalq miqyasda uğurla təmsil edən “AzerGold” QSC-nin bu sahə üzrə böyük təcrübəyə malik ölkələrdə tətbiq olunan müasir texnologiyalar, idarəetmə yanaşmaları, innovativ həllər haqqında məlumatlar əldə edilməsi, effektiv modellərin tətbiqi üzrə təşəbbüsləri istehsal proseslərinin səmərəliliyinin daha da artırılması və işgüzar əlaqələrin inkişaf etdirilməsinə yönəlib.