Azərbaycanın TÜRKSOY-da yeni nümayəndəsi Baş katibə təqdim olunub

Azerbaycanin TURKSOY-da yeni numayendesi Bas katibe teqdim olunub
Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY arasında görüş keçirilib.

Bu barədə Zeferinfo.az nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə müəyyənləşdirilən yeni vəzifələr və qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Mədəniyyət naziri Adil Kərimli çıxışında TÜRKSOY-la əməkdaşlığa xüsusi önəm verdiklərini, bu əməkdaşlığın ildən-ilə genişlənərək yeni məzmun qazandığını qeyd edib.

Nazir türk dünyasının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən ortaq layihələrin əhəmiyyətini vurğulayıb.

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, əlaqələrin möhkəmlənməsində göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını çatdırıb.

Görüş zamanı TÜRKSOY-da Mədəniyyət Nazirliyinin yeni təyin olunan nümayəndəsi Vüqar Məmmədov baş katibə təqdim olunub. Qeyd olunub ki, o, yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq.

Tərəflər təşkilatın cari il üzrə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıb, birgə layihələrin icrasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıblar.