Azərbaycanın Türkmənistandakı səfirliyində qəbul keçirilib
Türkmənistanda yaşamaq üçün etibarlı sənədlərə malik olmayan, vətəndaşlıq mənsubiyyətləri Azərbaycan Respublikası tərəfindən tanınan şəxslərə və onların Türkmənistan ərazisində anadan olmuş ailə üzvlərinə zəruri konsulluq və hüquqi yardımın göstərilməsi üçün Azərbaycana getmədən ölkəmizin Türkmənistandakı Səfirlliyində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu tərəfindən qəbul keçirilib.
Səfirlikdən Zeferinfo.az-a verilən xəbərə görə, İşçi qrup tərəfindən siyahı üzrə 43 nəfər qəbul edilmiş, onlardan 39 nəfərin pasport rəsmiləşdirilməsi üzrə müraciətləri müsbət cavablandırılmış, 2 nəfərin vətəndaşlıq mənsubiyyəti sorğuları müvafiq icraata yönləndirilmiş, 2 nəfərin müraciəti üzrə isə müvafiq maarifləndirmə işi aparılıb.
Səfirlik tərəfindən Türkmənistanda yaşayan soydaşlarımız və vətəndaşlarımızın hüquq və mənafelərinin qorunması və onların statuslarının Türkmənistan ərazisində qanuniləşdirilməsi məqsədilə işçi qrupu tərəfindən vətəndaşlara zəruri konsulluq və hüquqi yardımın göstərilməsi Türkmənistanda yaşayan soydaşlarımız və vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanıb.
Müraciət edən vətəndaşlarımız Səfirlik tərəfindən yaradılmış şəraitə və onlara göstərilən dövlət qayğısına görə öz minnətdarlıqlarını bildiriblər.