
Dövlət başçısı telekanallara müsahibə zamanı daxili və xarici siyasətimizdə qazandığımız uğurları, sosial-iqtisadi vəziyyəti, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində mövcud durumu, eləcə də cəmiyyətimizi, vətəndaşları düşündürən digər mühüm məsələləri geniş və ətraflı şəkildə şərh edərək bir növ xalqa hesabat vermis oldu. Eyni zamanda dövlət başçısı qarşıdakı dövr üçün strateji hədəflərin aydın şəkildə təqdimatını etdi.
Bildiyiniz kimi, bugünkü dünyada beynəlxalq hüquq anlayışı faktiki olaraq işləmir. Biz bunun Vətən müharibəsi zamanı və ondan əvvəlki dövrlərdə də dəfələrlə şahidi olmuşduq. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də bu məsələyə toxunaraq qeyd etdi ki, “reallığı hər kəs qəbul etməlidir. Bu gün beynəlxalq münasibətlərdə əsas meyar güc balansı, əməkdaşlıq, müttəfiqlik münasibətləri və qarşılıqlı dəstəkdir”.
Dövlətimizin başçısının bu açıqlamaları Azərbaycanın xarici siyasətinin realist və praqmatik əsaslar üzərində qurulduğunu bir daha təsdiqləyir. Həmin müsahibədə Prezident İlham Əliyev hazırkı dövrün reallıqları fonunda diqqəti tarixi zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün təklif edilən sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyətdən, Azərbaycanın müstəqil xarici siyasətindən, Ermənistanın silahlandırılması ilə sülh müqaviləsinin imzalanması prosesinin yanaşı qoyulmasının mümkünsüzlüyündən, Qarabağın və Şərqi Zəngəzurun bərpasından geniş bəhs edib.
Bu fikri xüsusi qeyd edib ki, Azərbaycan xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil aktor kimi qəbul edilir.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil və prinsipial mövqe tutduğunu bildirdi. ABŞ-də uzun illərdir qüvvədə olan 907-ci düzəlişin ədalətsiz xarakter daşıdığını qeyd edən dövlət başçısı bu sənədin artıq regiondakı reallıqlarla uzlaşmadığını vurğuladı. Çinlə münasibətlərə toxunan Prezident iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının sürətlə inkişaf etdiyini, əmtəə dövriyyəsinin artdığını bildirdi.
Prezident İlham Əliyev sosial sahədə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaş rifahının dayandığını xüsusi vurğuladı. Özünüməşğulluq proqramları, yeni iş yerlərinin yaradılması və sosial dəstək mexanizmləri nəticəsində işsizlik səviyyəsinin aşağı olduğu bildirildi.
Hər zaman cəmiyyətin həssas təbəqəsinə diqqət ayıran Cənab Prezident müharibə veteranları və şəhid ailələrinə göstərilən diqqəti də xüsusi qeyd etdi. Onların mənzil təminatı, tibbi reabilitasiya və sosial müdafiə tədbirlərinin davamlı şəkildə həyata keçirildiyi vurğulandı.
Dövlət başçısı qeyd etdi ki, ölkə iqtisadiyyatı qlobal qeyri-müəyyənliklərə baxmayaraq sabitliyini qoruyub, makroiqtisadi göstəricilər müsbət olaraq qalıb. Xüsusilə enerji sektorunda Azərbaycanın rolu daha da güclənib.
Hazırda Azərbaycan qazı bir çox Avropa ölkələri də daxil olmaqla 14 ölkəyə ixrac olunur və bu coğrafiyanın genişləndirilməsi planlaşdırılır. Cari ildə daha iki ölkə Azərbaycan qazını alacaq ki, bu da həm iqtisadiyyata öz müsbət təsirini göstərəcək, həm də ölkəmizin qlobal miqyasda tərəfdaşlarının sayını artıracaq.
Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın mövcud reallıqlarını, prioritetlərini və gələcək hədəflərini aydın şəkildə ortaya qoydu, strateji baxış, milli maraqlara əsaslanan siyasət və sosial yönümlü yanaşma dövlətin inkişaf kursunun dəyişməz olduğunu bir daha nümayiş etdirdi.