Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Sülh Şurasının nizamnaməsinin imzalanması Azərbaycanın münaqişədən sülhə keçid təcrübəsinə malik dövlət kimi təqdim olunmasını gücləndirir. Xüsusilə post-münaqişə dövründə sülh, bərpa və reinteqrasiya proseslərini ön plana çıxaran Azərbaycan bu platformada sülh quruculuğu sahəsində əldə etdiyi təcrübəni paylaşmaq, beynəlxalq ictimaiyyət qarşısında konstruktiv və məsuliyyətli aktor kimi çıxış etmək,“sülh təşəbbüslərinin tərəfdarı” imicini möhkəmləndirmək imkanı qazanır. Bu, rəsmi Bakının beynəlxalq legitimliyini və siyasi etibarlılığını artıran amil kimi qiymətləndirilə bilər.
Davos çərçivəsində formalaşan Sülh Şurası siyasi liderlər, iqtisadi elitalar və təhlükəsizlik üzrə əsas qərarverici aktorları bir araya gətirən platforma kimi çıxış edir. Azərbaycanın bu nizamnaməni imzalaması qlobal siyasi diskussiyalarda birbaşa iştirak, qeyri-rəsmi diplomatiya kanallarının genişlənməsi, ABŞ və Qərb mərkəzli siyasi təşəbbüslərlə institusional təmas baxımından rəsmi Bakıya əlavə imkanlar yarada bilər.
Azərbaycanın Sülh Şurasında təmsil olunması Cənubi Qafqazda regional sabitlik təşəbbüslərində söz sahibi olmaq imkanlarını artırır. Rəsmi Bakı bu platforma vasitəsilə regional təhlükəsizlik mexanizmləri ilə bağlı təşəbbüslər irəli sürə, post-münaqişə bölgələrində sülh modelləri təklif edə,regional əməkdaşlığın beynəlxalq səviyyədə legitimləşdirilməsinə nail ola bilər. Bu isə o deməkdir ki, Azərbaycan regional liderlik iddialarını siyasi müstəvidə möhkəmləndirmə yolunda daha bir mühüm addım atır.
Qeyd etmək lazımıdr ki, sülh və təhlükəsizlik mövzularında fəal mövqe sərgiləyən dövlətlər investorlar üçün daha etibarlı tərəfdaş kimi qəbul olunur. Davos platformasında atılan bu addım eyni zamanda Azərbaycana olan investisiya marağını artıracaq, bərpa və inkişaf layihələrinə beynəlxalq maliyyə institutlarının cəlb olunmasını asanlaşdıracaq,iqtisadi diplomatiyanı siyasi diplomatiya ilə uzlaşdırmaq baxımından rəsmi Bakıya əlavə dividendlər gətirəcək.
Yuxarıda qeyd etdiklərimin fonunda Azərbaycanın Davosda Sülh Şurasının nizamnaməsini imzalaması rəsmi Bakıya beynəlxalq nüfuzun artması, qlobal siyasi dialoqlara çıxış, regional təhlükəsizlikdə rolun möhkəmlənməsi və iqtisadi diplomatiyanın genişlənməsi baxımından mühüm imkanlar vəd edir. Bu addım Azərbaycanın praqmatik, çoxşaxəli və sülh yönümlü xarici siyasət strategiyasının məntiqi davamı kimi dəyərləndirilə bilər.