1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal etməsi ilə dünya tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlamışdır. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücumu ilə başlayan bu dəhşətli müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməklə SSRİ-nin bayrağının sancılması ilə başa çatmışdır.
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. 1941-1945-ci illərdə Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
Bunlardan biri də həmyerlimiz Ağdam rayon sakini , kapitan Paşayev İldırım Muxtar oğlu idi.
Azərbaycanın gücünü, əzmini bütün dünyaya tanıdan oğullardan idi. Bu gün onun keçdiyi döyüş yolunu, qəhrəmanlığını, şücaətini yalnız kənardan eşidə, qısa bir şəkildə rus informasiya mənbələrindən əldə edə bilirik.
Gözümüzlə gördüyümüz isə qəhrəman babanın qəhrəman davamçısı, şərəfli döyüş yolunun layiqli davamçısı, adını tarixə yazdıran babanın tarixə düşən nəvəsi var; Məmmədov Rasim Oktay oğlu…
Ziyalı ailənin yeganə övladı antiterror şəhidi, polis Rasim. Adı gələndə anasının əli öpülən, atasına baş əyilən oğul. Rəsminə baxanda gözlər dolan, ürəyi qubar bağladan oğul. Dilə-ağıza, sözə,söhbətə sığmayan oğul, Qarabağın fəxri oğul.
Və… babasına layiq oğul. Başqa cür ola bilməzdi, süd loğmandır deyib atalar. Qəhrəman nəslin davamçısından da bunu gözləmək olardı ancaq. Damarında qanı tərtəmiz axan, Vətənin daş qoyduğu yola baş qoyanlardandır bu igidlər. Allahdan hər ikisinə rəhmət diləyirəm.
Azərbaycanın keçdiyi bütün keçməkeşli yollardan, ağır sınaqlardan, məşəqqətli zamanlardan keçirən məhz belə oğullarımız oldu. İstər İkinci Dünya müharibəsində, istərsə də Qarabağ müharibəsi dövründə Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olması bütün dünyaya bir daha sübut olundu.
Qələbən mübarək, qəhrəman Vətən. Sənə Zəfər çox yaraşır…
Gülər Mübariz