Azərbaycanda Vətən uğrunda ölümə gedən gənc nəsil yetişib - ŞƏRH

Azerbaycanda Veten ugrunda olume geden genc nesil yetisib - SERH

İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçiləndə qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Bu dövrdə Azərbaycan çox sürətli və dinamik inkişaf yolu keçdi, tarixi nailiyyətlər əldə etdi. Prezident İlham Əliyevə yüksək etimad göstərən Azərbaycan xalqı bu məsələdə yanılmadığının şahidi oldu. Azərbaycan dövləti ildən-ilə həm siyasi, həm də hərbi cəhətdən qüdrətləndi. 2018-ci ildə xalq bir daha öz liderini seçdi. Ali Baş Komandan İlham Əliyev iki il sonra bütün xalqı öz ətrafında “Dəmir yumruq” kimi birləşdirərək Vətən müharibəsində şanlı Qələbəyə imza atdı. Prezident İlham Əliyev əslində bilirdi ki, biz İkinci Qarabağ savaşında yalnız Ermənistanla deyil, onun arxasında dayanan böyük güclərlə mübarizə aparacağıq. Ona görə də 44 günlük müharibəyə qədərki illərdə həm xarici siyasət, həm də ordu quruculuğunda böyük işlər görüldü. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin söylədiyi kimi Azərbaycanda bu müddətdə Vətən uğrunda ölümə gedən gənc nəsil yetişdi. Vətənpərvər və gözünü qırpmadan hər an onun üçün can verməyə hazır olan oğullar yetişməkdədir.

 

Zeferinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC - a açıqlamasında “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə söyləyib.

İctimai Birliyin sədri xatırladıb ki, müharibədən ötən dövr ərzində Azərbaycan öz prinsipial mövqeyini davam etdirdi. Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi, digər tərəfdən Qarabağdakı separatçılara təbrik məktubu göndərdi. Ötən ilin sentyabrında aparılmış antiterror tədbirləri Ermənistanın həmin iddialarına son qoydu. Azərbaycan həm müharibədən əvvəlki dövrdə, həm də Ermənistanın kapitulyasiya aktını imzalamasından sonrakı müddətdə regionda hər zaman sülhün bərqərar olmasına tərəf olub. Həmişə olduğu kimi, Ermənistan ikiüzlülük siyasətindən əl çəkməyib. Bir tərəfdən sülh prosesini uzatması, digər tərəfdən terror şəbəkəsinə dəstəyini verməsi bölgədə gərginliyin mövcudluğuna şərait yaradırdı. Bu əslində Ermənistanın bir dövlət kimi müstəqil siyasət aparmadığını göstərir. Beləcə Ermənistanın havadarlarının bizim ərazilərdə məkrli planları boşa çıxdı. Azərbaycan öz prinsipial mövqeyini davam etdirdi və antiterror tədbirləri keçirməklə ərazi bütövlüyünü bərpa etdi. Bu gün həmin ərazilərə həyat qayıdıb, böyük quruculuq işləri gedir, əhalimiz öz doğma dədə-baba yurdlarına qayıdır.

Prezident seçkilərinin bütün ərazilərimizdə keçirilməsi və dövlət başçısının Xankəndidə səs verməsi “erməni separatçılarının tabutuna vurulan son mismar oldu”

Bəhruz Məmmədzadənin sözlərinə görə, 2024-cü il prezident seçkilərinin mahiyyəti Azərbaycan xalqı üçün çox önəmlidir. Ona görə ki, ilk dəfə olaraq Azərbaycanın hər bir yerində, o cümlədən işğaldan azad edilmiş suveren ərazilərimizdə prezident seçkiləri keçirildi. Bununla da Azərbaycan bütün dünyaya göstərdi ki, 30 ildə beynəlxalq təşkilatların, həmsədr ölkələrin edə bilmədiyini, daha doğrusu etmək istəmədiklərini 44 gündə özü bacardı. Erməni separatçılarının rəhbərləri tutuldu, Bakıya gətirilərək ədalət məhkəməsi qarşısına çıxarıldı. Bütün ərazilərimizdə səsvermə hüququ olmasına baxmayaraq, prezident seçkiləri zamanı dövlət başçımızın əvvəllər Xankəndidə terror şəbəkəsinin idarə olunduğu binada səs verməsi bir daha nümayiş etdirdi ki, Qarabağ bölgəsində separatçıların kökü qazılaraq bütün vədlər yerinə yetirildi. Beləliklə, Prezidentin Xankəndidə səs verməsi “erməni separatçılarının tabutuna vurulan son mismar oldu”.

Prezident İlham Əliyev Milli Məclisdə danışarkən güclü ordu quruculuğunun davam etdirilməsinin, hərbi sənayenin inkişafının növbəti mərhələsinə başlanması və bu sahədə asılılığın aradan qaldırılmasının, İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə atılmağa başlanmış addımların uğurla tamamlanmasının vacibliyinə toxundu. Bu gün Azərbaycanın müharibədə iştirak etmiş güclü, təcrübəli Ordusu var və o müasir silah və texnika ilə təchiz edilib. Azərbaycanın müdafiə qüdrətinin, Ordusunun gücünün, silah arsenalının və Xüsusi Təyinatlı Qüvvələrinin xarici təhdidlərə qarşı ən üstün səviyyəyə qədər gətiriləcəyini bildirdi. Eyni zamanda sərhədlərin təhlükəsizliyi ilə bağlı mükəmməl sistemin yaradılması, hətta “sərhəddən bir quş belə keçməməlidir” deməsi real təhlükələrin sərhədlərdən bir növ xaricdə olmasına işarə idi.

Biz milli vətənpərvərlik ruhunda gənclər yetişdirməliyik.
Bizi güclü edən səbəblərdən biri də ailəyə, Vətənə, torpağa və dövlətə bağlılıq kimi mənəvi dəyərlərdir
 

İctimai Birliyin sədri Bəhruz Məmmədzadə deyib ki, dövlət başçısı çıxışında ideoloji bütövlük və tamlıq, cəmiyyətimizin xaricdən gələn ideoloji təzyiqlərə davamiyyətinin artırılması, bunun aparıcı komponenti kimi gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin formalaşmasında ailə, məktəb tərbiyəsinin əhəmiyyətini qeyd edib. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır deyən Prezident İlham Əliyev əslində Azərbaycan xalqının həm ailədə, həm təhsil ocaqlarında, həm də vətəndaş cəmiyyəti olaraq ideoloji bütövlüyün və həmrəyliyin qorumasının vacibliyini deyib. Biz milli vətənpərvərlik ruhunda gənclər yetişdirməliyik. Bizi güclü edən səbəblərdən biri də ailəyə, Vətənə, torpağa və dövlətə bağlılıq kimi mənəvi dəyərlərdir. Bunlar xalqımızı xoşbəxt edən amillərdəndir. Müəyyən qüvvələr bunu bildiyi üçün bizimlə ideoloji müharibə aparır. Ona görə də xalq olaraq çox diqqətli olmalıyıq. Prezident “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun” deməsi əslində milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gənclərin bu dəyərlər əsasında böyüməsinə işarə idi.

Son 20 ildə şəhid ailələrinə, müharibə iştirakçılarına, aztəminatlı təbəqəyə diqqət və qayğı artırılıb

“Son 20 ildə sosial artımın dinamikası və perspektivinə gəlincə şəhid ailələrinə, müharibə iştirakçılarına, aztəminatlı təbəqəyə diqqət və qayğı artırılıb. Dövlətimizin başçısı İlham Əliyev müharibə iştirakçılarına, onların ailə üzvlərinə, şəhidlərin ailə üzvlərinə diqqət və qayğı göstərir və bu istiqamətində çox ciddi addımlar atır. Yeni yola saldığımız 2023-cü il ərzində bu statusa malik ailələrə mənzillər və fərdi evlər verilib. Cari ilin fevral ayında bu istiqamətdə Prezident İlham Əliyev yeni Sərəncam imzaladı. 2025-ci ilə kimi şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyənləşdirilmiş şəxslərin əksəriyyətinə mənzillərin verilməsi davam etdiriləcək.

 

Türk Dövlətləri Təşkilatı əsas prioritetimiz, ailəmiz və istiqamətimizdir. Azərbaycanın türk dövlətləri ilə qardaşlıq münasibətləri Türk Dövlətləri Təşkilatının gücünün rəmzidir. Bu birlik qlobal dünyada aktora və güc mərkəzinə çevrilməlidir. Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət, bu təşkilata verilən qiymətlə Prezident əslində yeni gücün formalaşmasına işarə etdi.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına gəlincə, Azərbaycan öz məqsədlərinə nail olub. Ermənistan beynəlxalq hüquqa hörmət edəcəksə, müqavilə imzalanacaq. Əks təqdirdə Azərbaycan heç nə itirmir. Ümumiyyətlə, normallaşma məsələsi gündəmdən çıxmalıdır və bu məsələdə Ermənistan müzakirə mövzusu deyil. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, bütün məqsədlərinə çatıb və heç bir şeydən narahat deyil. Bizim dövlət olaraq daha mühüm hədəfləriniz var, biz məqsədimizə çatmışıq. Bundan sonra Azərbaycan inkişaf və xaricdən asılılığını aradan qaldırılması üçün işlər görəcək”, - deyə B.Məmmədzadə vurğulayıb.