Azərbaycanda qan təhlükəsizliyində NAT Texnologiyasının tətbiqinə başlanılıb

Azerbaycanda qan tehlukesizliyinde NAT Texnologiyasinin tetbiqine baslanilib
Donor qanının təhlükəsizliyinin təmin edilməsi, HİV, Hepatit B və C viruslarının erkən mərhələdə aşkarlanması üçün Səhiyyə Nazirliyi Respublika Qan Bankında NAT (Nuklein Turşusu Testi) texnologiyasının tətbiqinə başlanılıb.

Zeferinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının Donor qanı və onun komponentlərinin təhlükəsizliyinin təmin edilməsi şöbəsinin müdiri Növrəstə Hacılı bildirib.

Onun sözlərinə görə, NAT infeksion agentlərin DNT və RNT molekullarını infeksiyanın erkən mərhələsində aşkarlayan real vaxt Polimeraz Zəncirvari Reaksiya (PZR) texnologiyası əsasında hazırlanıb:

"NAT testi müasir transfuzion təbabətdə qan və onun komponentlərinin təhlükəsizliyini təmin edən ən yüksək səviyyəli diaqnostik metodlardan biridir. NAT-ın tətbiqinin əsas üstünlüklərindən biri pəncərə dövrünün qısaldılmasıdır. Donor qanının NAT ilə yoxlanılması sayəsində transfuziya ilə ötürülən infeksiyalara yoluxma riski böyük dərəcədə azalır. NAT texnologiyası ABŞ, Avropa İttifaqı və ÜST tərəfindən qan təhlükəsizliyi üçün "qızıl standart" kimi qəbul edilib".

N.Hacılı qeyd edib ki, Səhiyyə Nazirliyinin Respublika Qan Bankında NAT texnologiyasının tətbiqinə başlanılması Azərbaycanın transfuzion təbabətində dönüş nöqtəsi hesab edilir:

"Bu, yalnız transfuziya ilə ötürülən infeksiyaların qarşısını almağa deyil, həm də Azərbaycanın qan xidmətini beynəlxalq standartlara uyğunlaşdırmağa imkan verir. Seroloji və NAT testlərinin ardıcıl tətbiqi "ikiqat qoruma" prinsipi əsasında donor və resipientlərin təhlükəsizliyini ən yüksək səviyyədə təmin edir".