Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Azerbaycanda prokurorluq orqanlarinin yaranmasinin 107 illiyi ve prokurorluq iscilerinin pese bayramidir

Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyi və prokurorluq işçilərinin peşə bayramı günüdür.

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncama əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü qeyd olunur.

Zeferinfo.az Azərbaycan Prokurorluğunun tarixinə və keçdiyi inkişaf yoluna bir daha nəzər salır.

Ölkəmizdə prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Cümhuriyyətin süqutundan sonra müstəqil dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 11 iyul tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycanda sovet prokurorluğunun əsası qoyulub. Dövlət müstəqilliyinin bərpasından və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni dövr başlanıb.

Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilən Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanıyıb. Həmin statusa uyğun olaraq, “Prokurorluq haqqında” 1999-cu il 7 dekabr tarixli Qanunla prokurorluğun fəaliyyətinin istiqamətləri tam müəyyənləşdirilib. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.

Azərbaycan Prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli varisi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti öz bəhrəsini verib. Dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, prokurorluğun kadr korpusunun şəffaf prosedurlar əsasında yenilənməsi istiqamətində məqsədyönlü addımlar atılıb.

Prezidentin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi milli prokurorluq orqanlarının hərtərəfli müasirləşməsi və işinin tam yeni müstəvidə qurulması baxımından müstəsna əhəmiyyətə malik addım olub. Həmin proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, əməkdaşların peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnib.

Prezident İlham Əliyevin prokurorluq orqanları qarşısında müəyyənləşdirdiyi vəzifələrin yüksək keyfiyyətlə icrasına nail olmaq məqsədilə ötən müddətdə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının 2020-ci il 16 iyun tarixli Sərəncamına əsasən Baş Prokurorluğun yeni strukturu təsdiq olunub.

Parlaq Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində prokurorluq orqanları da üzərilərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetiriblər. Ermənistanın mülki əhalimizə və infrastruktur obyektlərimizə qarşı törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb və keyfiyyətli istintaq aparılıb. Xüsusilə müharibə dövründə Azərbaycanın Baş prokuroru Ermənistan silahlı qüvvələrinin mülki əhalimizə qarşı törətdiyi qanlı cinayətlərlə bağlı müxtəlif ölkələrin Baş prokurorlarına və aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.

Həmçinin prokurorluq orqanlarının inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” qurumun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlu nəticələrin qazanılmasına, fəaliyyətin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına şərait yaradıb.

Prokurorluğun beynəlxalq əməkdaşlığının genişləndirilməsi istiqamətində işin intensivləşməsi, prokurorluq əməkdaşlarının işlərini müasir standartlara uyğun qurmaları üçün geniş imkanlar açılıb. Azərbaycan Prokurorluğunun xarici ölkələrin prokurorluq orqanları, ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulması sahəsində çoxsaylı tədbirlər görülüb. Bir sıra ölkələrin nümayəndə heyətlərinin Azərbaycana, eləcə də Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətlərinin xarici ölkələrə səfərləri baş tutub.

Azərbaycan Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə qəbul edilmiş növbəti konseptual sənəd – “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində Azərbaycanın yol xəritəsidir. Korrupsiyaya qarşı mübarizədə kompleks tədbirləri özündə cəmləşdirən bu sənədin ətraflı təhlili onun icrasının gələcəkdə hansı müsbət nəticələr doğuracağını proqnozlaşdırmağa imkan verir.

Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura həyatın yenidən qaytarılması istiqamətində aparılan möhtəşəm abadlıq-quruculuq işlərinə prokurorluq orqanları da töhfələrini verir. Belə ki, “Elektron Prokurorluq” İnformasiya sisteminin yaradılması, eləcə də prokurorluğun peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Prokurorluq orqanlarında aparılan sistemli islahatların mərkəzində xidmətə bilikli, müasir dünyagörüşlü və yüksək əxlaqi keyfiyyətlərə malik gənclərin cəlb olunması dayanır. İşə qəbulun müsabiqə yolu ilə aparılmasının nəticəsidir ki, gənc hüquqşünaslar bu gün prokurorluğun kadr korpusunun böyük hissəsini təşkil edir.

Azərbaycanın prokurorluq orqanları məsuliyyətli və şərəfli xidməti vəzifələrini işğaldan azad olunan ərazilərdə də uğurla davam etdirir. Bu ərazilərdə fəaliyyət göstərən rayon (şəhər) prokurorluqlarında lazımi infrastruktur yaradılır və xidmətin aparılması üçün inzibati binalar istifadəyə verilir.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Prokurorluğunun xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlığı daha da intensivləşib.

Cari il mayın 19-dan 23-dək Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclası keçirilib. Bu mötəbər tədbirdə 92 ölkəni təmsil edən 120-dən artıq dövlət qurumunun nümayəndələri, o cümlədən prokurorluqlar, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar iştirak edib. Ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılıb, 60-dan artıq iştirakçı isə onlayn formatda tədbiri izləyib. GlobE Network-un Bakı Plenar İclası beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsi və korrupsiyaya qarşı mübarizədə effektiv yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində, həmçinin Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illiyi ərəfəsində Baş Prokurorluğun təşkilatçılığı ilə Bakıda sentyabrın 22-də “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda dəyirmi masa formatında beynəlxalq konfrans keçirilib. Fikir mübadiləsi zamanı prokurorluq orqanlarının konstitusion statusunun möhkəmləndirilməsinin, onların fəaliyyətinin şəffaf, effektiv və hüquqi dövlət prinsiplərinə uyğun təşkilinin əhəmiyyəti xüsusi vurğulanıb. Həmçinin beynəlxalq təcrübə və əməkdaşlıq nümunələri müzakirəyə çıxarılaraq, ölkəmizdə prokurorluq fəaliyyətinin inkişaf etdirilməsi, hüquq-mühafizə sisteminin təkmilləşdirilməsi və ədalətin daha da möhkəmləndirilməsi istiqamətində perspektivlər müəyyənləşdirilib.

Hazırda Azərbaycan Prokurorluğunun 107 illiyini və peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi Zəfər əhvali-ruhiyyəsi ilə qeyd edən prokurorluq əməkdaşları öz fəaliyyətlərini yeni çağırışlara, müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurmaqla qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində yorulmadan çalışırlar.