Azərbaycanda "Dövlət satınalmaları haqqında" qanun yenidən dəyişdiriləcək

Azerbaycanda "Dovlet satinalmalari haqqinda" qanun yeniden deyisdirilecek
Müasir tendensiyalar nəzərə alınaraq Azərbaycanda "Dövlət satınalmaları haqqında" qanuna və normativ hüquqi aktlara dəyişikliklər ediləcək.

Zeferinfo.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov Bakıda keçirilən Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") 5-ci Etika və Uyğunluq Konfransında bildirib.

"Ötən il yanvarın 1-dən "Dövlət satınalmaları haqqında" yeni qanun tətbiq edilir. Bu, bizim üçün keçid dövrü olub. Bu dövrdə praktikadan irəli gələn uyğunsuzluqlar və çətinliklərlə uzləşdik. Təbii ki, ideal qanun yoxdur. Müasir dövrdə tendensiyalar vaxtaşırı dəyişir. Daha çevik addımlar, daha real rejimdə cavab vermə meyarları tələb olunur. Bu baxımdan biz həm sahibkarlardan, həm satınalan təşkilatlardan qaynar xəttə daxil olan şikayətlər, müraciətlər və təkliflərin hamısını nəzərə alaraq mövcud qanunvericiliyə və digər normativ hüquqi aktlara dəyişiklik barədə düşünürük. Bu dəyişikliklər mütləq olmalıdır ki, dövlət satınalmaları da özəl sahibkarlıq seqmenti ilə ayaqlaşsın. Çevik qərarlar verilə bilsin, proses maksimum dərəcə elektronlaşsın. Bu gün dövlət satınalmalarıınn ən üstün cəhətlərindən biri də bütün satınalma periodlarının, əlbəttə bir mənbədən və məxfi hallar istisna olmaqla tam elektronlaşmasıdır. Dövlət satınalmalarında sahibkarların iştirakına dair arayışların demək olar ki, hamısı elektronlaşdırılıb. Yalnız bir arayış qalıb ki, onun da masimum 20-30 günə elektronlaşdırılması planlaşdırılır", - deyə o qeyd edib.